Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri də ölkədə dilənçilərin (Roman qaraçılarının) sayının artmasıdır. Bir çox hallarda bu şəxslər yolda insanlara mane olur, bəzən isə yoldan ötən şəxslərə problem yaradırlar. Məsələnin təəssüfedici tərəfi isə odur ki, qaraçıların kimliyini təsdiq edən sənədləri olmur.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, əslində, dilənçilərlə bağlı Cinayət Məcəlləsində maddə mövcuddur.
Onun sözlərinə görə, dilənçilər adətən həbs olunmurlar:
“Bilirsiniz, qucaqlarında südəmər uşaqlar olur deyə, onları həbs etmirlər. Həm də ortada bir cinayət hadisəsi olmur axı. Lakin gəldikləri ölkəyə, rayona geri göndərilirlər. Dilənçilikdir də, nə edə bilərik? Bilirsiniz, dilənçilər bir tək bizdə deyil, bütün dünyada var. Mən Amerikada da, İsveçrədə də, Çexiyada da, başqa yerlərdə də dilənçi görmüşəm və onlara pul vermişəm. Hətta həyat yoldaşım hirslənir ki, niyə dilənçilərə pul verirəm. Ağdamda da “Qaraçılar məhləsi” var idi. Hamısını həbsə göndərmək də mümkünsüzdür. İstanbulda bir dilənçi gün ərzində 300 dollar (təxmini 510 manat) pul qazana bilər, amma bəzən jurnalist və ya digər peşə sahibi o pulu qazana bilmir”.
Zaira Akifqızı














