Hərbi əməkdaşlıqda yeni mərhələ – Çinli attaşe nələri anons etdi?

Hərbi əməkdaşlıqda yeni mərhələ - Çinli attaşe nələri anons etdi?

“Azərbaycanla Çin arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Çin Xalq Azadlıq Ordusunun 98-ci ildönümü və Çinin Yaponiyanın işğalından azad olunmasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun səsləndirib.

Attaşe bildirib ki, ötən dövr ərzində iki ölkə arasında bir sıra ortaq layihələr həyata keçirilib:

“Bu layihələrə hərbi-texniki mübadilə, təcrübə paylaşımı və digər effektiv tədbirlərin təşkili daxildir. Xüsusilə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm nailiyyətlər əldə olunub. Bu, yalnız kadr hazırlığı deyil, eyni zamanda qarşılıqlı etimadın möhkəmləndirilməsinə də xidmət edir”.

Sun Çjun ölkələrimizin rəhbərləri arasındakı qarşılıqlı anlaşma və etimadın müdafiə sahəsindəki əməkdaşlığa verəcəyi töhfələri xüsusi qeyd edib:

“Hərbi attaşe olaraq əminəm ki, bizim əməkdaşlığımız dövlətlərimizin başçılarının göstərəcəyi birgə səylərlə daha geniş inkişaf yolunda addımlayacaq. Hərbi əməkdaşlıq iki ölkə arasında tərəfdaşlığın vacib elementlərindən biridir. Ümid edirəm ki, Çin – Azərbaycan hərbi əməkdaşlığı gələcəkdə daha əhəmiyyətli nəticələrə yol açacaq”.