HƏMAS-ın hücumu Rusiyanı zəfərə aparır – Qərb hədəfini dəyişdi

HƏMAS-İsrail müharibəsi fonunda ən çox müzakirə olunan məsələlərdən biri də Ukraynaya yardımların davam etdirilməsidir.

Kiyevə müəyyən məbləğdə yardım ayrılsa da, bir neçə aydır ki, Avropa ölkələrinin, hətta bir sıra ABŞ rəsmilərinin bu məsələdən narazı olduqları bildirilir. O cümlədən bir sıra nümayəndələrin Ukraynaya yardımı azaltmaq, yaxud tamamilə dayandırmağı tələb etdiyi iddia olunur. ABŞ-ın növbəti prezident seçkilərinin nəticəsinin bu mövzuda həlledici olacağı da deyilir. Həmçinin müharibədə artıq Rusiyanı qalib hesab edənlər də var.

Bunu nə dərəcədə reallığa uyğun hesab etmək olar? Artıq ikinci ilə yaxınlaşan müharibənin sonu hazırkı proseslər nəzərə alınmaqla necə görünür?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev vurğulayıb ki, artıq ABŞ və Qərbdə Ukraynaya dəstəklə bağlı ciddi narazılıqlar var:

“Aydın məsələdir ki, Ukraynaya son dönəmlər göndərilən yardımlar Qərbin özündə də çox suallar doğururdu. Xüsusilə silah və maliyyə yardımları və s. müzakirə edilir. Avropa ölkələrinin vətəndaşları bu məsələdə ABŞ və Rusiyanı günahkar hesab edirdilər. Onlar bildirirlər ki, bu iki ölkənin imperial maraqları uğrunda yaranan vəziyyətdə artan ərzaq qiymətlərini ödəmək, milyardlarla vəsaitin Ukraynaya göndərilməsini istəmirlər. Eyni məsələ ABŞ-da da qaldırılmışdı. Hətta Vaşinqtonda Konqresdə Ukraynaya yardımı təsdiqləmək çox ciddi problem idi. Vaxtaşırı Ukraynanın ən böyük dəstəkçiləri Böyük Britaniya və Polşanın müdafiə və xarici işlər nazirləri sözügedən yardımlarla bağlı tənə edirdilər. Kiyevin minnətdar olmasını və yardımların azaldılmalı olduğunu deyirdilər”.


Turab Rzayev

Politoloq Qəzzada alovlanan vəziyyətin Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirdiyini deyib:

“Eyni zamanda Ukrayna hökumətində alınan yardımlar məsələsində rüşvət qalmaqalları, korrupsiya halları ilə bağlı söhbətlər vardı. Hətta Zelenski hökumətini hakimiyyətdə ciddi dəyişiklik, korrupsiyaya qarşı islahatlar aparmağa məcbur etdilər. Bütün bunların fonunda Ukraynaya gələn yardımlar azalırdı. HƏMAS-İsrail qarşıdurmasından sonra isə bu müharibə ikinci plana keçirildi. ABŞ hökuməti Ukraynaya yardımı İsrailə yardım paketinə daxil etməyə çalışdı, lakin alınmadı. Hazırda ABŞ-da həm Konqresdə, həm də Respublikaçılar Partiyası daxilində bu yardımlar əleyhinə kampaniyalar başlayıb. Paralel olaraq Donald Tramp Rusiya-Ukrayna müharibəsinə qarşı çıxışlar edir, yardımların dayandırılmalı olduğunu bildirir. Bütün bunlar ABŞ-da növbəti prezident seçkilərində Ukrayna məsələsinin mərkəzi mövzulardan biri olduğunu göstərir”.

T.Rzayev proseslərin gedişatından asılı olaraq Rusiyanın üstünlük qazana biləcəyini qeyd edib:

“ABŞ və Qərbin İsrailə ciddi yardımları, artıq Ukraynanın prioritet olmadığını göstərdi. İsrailə ehtiyacı olmadığı halda 155 mm-lik mərmilər göndərirlər. Amma Ukrayna aylardır Rusiya kimi dünyanın bir nömrəli artilleriya dövlətinə qarşı döyüşdüyü halda ona bu silahlar göndərilmirdi. Artıq Braziliya, Çin, Argentina kimi ölkələr vasitəçilik təklif edirlər. Onların vasitəçiliyi ilə bağlanan sülhdə böyük ehtimal Rusiyanın şərtləri diqtə olunacaq. Bu da Moskvanın mövqeyinin güclənəcəyi ilə bağlı spekulyasiyalara səbəb olur”.

Ayşən Mustafa
Globalinfo.az