Harris Zelenskiyə “qələbə paradı” söz verib – ABŞ-ın yeni Ukrayna planı

Harris Zelenskiyə "qələbə paradı" söz verib - ABŞ-ın yeni Ukrayna planı

Ağ Evin verdiyi məlumata görə,  ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, onunla Ukrayna üçün “qələbə planı”nı müzakirə edib.

Xatırladaq ki, bir müddət əvvəl prezidentliyə namizəd Donald Tramp da açıqlamasında bildirmişdi ki, təxminən üç il davam edən hərbi əməliyyatlardan sonra Ukrayna artıq yoxdur.

Bu yanaşma nədən xəbər verir? Hakimiyyətə gəldiyi təqdirdə, Ukrayna müharibəsini bitirəcəyini deyən Trampın bu açıqlaması onu göstərir ki, Rusiyanın qələbəsi ilə müharibə yekunlaşacaq? Harrisin “qələbə planı” nədən ibarət ola bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov deyib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat prosesi davam edir:

Harris Zelenskiyə "qələbə paradı" söz verib - ABŞ-ın yeni Ukrayna planı

Xəyal Bəşirov

“Demokratların namizədi Kamala Harris və Respublikaçıların namizədi Donald Tramp maksimum dərəcədə həssas nöqtələrə toxunmağa çalışırlar. ABŞ fövqəl, güclü dövlətdir. Prezident seçkilərində sadəcə ölkədaxili məsələlərə deyil, qlobal problemlər də müzakirə olunur. Ukraynada, Yaxın Şərqdə ümumumiyyətlə, dünyanın istənilən yerində baş verən qarşıdurmalarda rəsmi Vaşinqtonun kifayət qədər payı var. Hər zaman olduğu kimi namizədlər belə həssas məsələləri öz maraqları naminə istifadə etməyə çalışırlar. Donald Tamp hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna müharibəsini dayandıracağını iddia edir. Kamala Harris də öz növbəsində məsələdən istifadə etməyə çalışır”.

Politoloqun sözlərinə görə, elə demokratların hakimiyyəti dönəmində Rusiya-Ukrayna müharibəsi başlayıb:

“Bunun qarşısını almaq, yaxud da həll etmək üçün kifayət qədər imkanları da var idi. Ondan niyə istifadə etmədilər? Harrisin “qələbə planı” pafoslu şüardan başqa birşey deyil. Çox güman ki, Ukraynanın daha güclü silahlandırılması, yardımların miqyasının və istiqamətinin çoxaldılması bu planın təməlini təşkil edəcək. Qərb ölkələri həm Ukraynanı dəstəkləyir, həm də Rusiyanın silahlanmasına şərait yaradırlar. Hazırkı müharibənin yekun qalibiyyətinin olacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az