Hansı yazılış düzgündür: “Münxen”, yoxsa “Münhen”? – Alim açıqladı

Hansı yazılış düzgündür: “Münxen”, yoxsa “Münhen”? – Alim açıqladı

59-cu Münxen Təhlükəsizlik Konfransı ilə bağlı media və televiziyada yayımlanan xəbərlərdə şəhərin adının iki fərqli formada yazılması müzakirələrə səbəb olub. Bir qisim “Münhen” kimi yazsa da, “Münxen” variantının daha dəqiq olduğunu deyənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, dilçi alim Şahlar Məmmədov (GÖYTÜRK) bildirib ki, şəhərin adı “Münxen” kimi yazılmalıdır:

“Çünki alman dilində bu söz “x” səsi ilə verilib. Biz də çalışırıq ki, coğrafi adlar dilimizə daxil olduqda mənbəyinə uyğun şəkildə istifadə edək. Bu baxımdan “Münxen” variantının daha doğru olduğunu düşünürəm”.

Hansı yazılış düzgündür: “Münxen”, yoxsa “Münhen”? – Alim açıqladı

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun filoloq-alimi, filologiya elmləri doktoru İsmayıl Məmmədli isə düzgün yazılışın “Münhen” olduğunu deyib:

“Şəhərin adı “h” hərfi ilə yazılır. Bizdə x’ səsi var, bu sözdə onun kimi qeyd edilir. Doğrudur, sonuncu “Orfoqrafiya lüğəti”nə bu söz salınmayıb, amma düzgün yazılış forması “Münhen”dir”.

Qeyd edək ki, ölkə başçısının rəsmi saytında və digər rəsmi orqanların elektron media resurslarında son günlərdə yayımlanmış yazılarda şəhərin adı “Münxen” kimi yazılıb.

Ayşən Mustafa
Globalinfo.az