Hakimiyyətdə böyük hesablaşma: işgəncə şəbəkəsi həbsə göndərilir

“Tərtər işi” ilə bağlı son yeniliklər ciddi dəyişiklərin astanasında olduğumuzdan xəbər verir. Bir zamanlar qeyri-rəsmi qadağa qoyulan bu mövzu haqda indi çox ciddi və tirajlı adamlar çıxışlar və çağırışlar edirlər. Həm də ölkənin ən ali kürsülərindən birindən – Milli Məclisin (MM) iclas zalından. 

Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun dekabrın 16-da parlamentin iclasında “Tərtər işi” mövzusunda etdiyi çıxış ölkə gündəmini dəyişdirdi. Bütövlükdə çıxışın özü bir hadisə idi. MM-in komitə sədri, böyük bir araşdırma təşkilatının rəhbəri olan şəxsin bu cür detallı çıxışı sıradan bir məruzə sayıla bilməz.

Z.Orucun çıxışındakı tezislər diqqət çəkir. Komitə sədrinin səsləndirdiyi fikirlər hakimiyyətin olduqca önəmli dəyişiklərə qərar verdiyinin göstəricisi sayıla bilər. Məsələn, Z.Oruc çıxışında Hərbi Prokurorluğun ləğv edilməli olduğunu deyib. Ardınca MTN-in Dövlət Təhlükəsizlik Xidməti ilə əvəzlənməsi nümunəsini səsləndirib. Bu, Xanlar Vəliyevin Eldar Mahmudovla, Hərbi Prokurorluğun MTN-nin son illərdəki obrazı və fəaliyyəti ilə eyniləşdirilməsinin mesajıdır. Deputat açıqca deyib ki, Hərbi Prokurorluq MTN kimi böyük qanunsuzluqlara əl atır. Xanlar Vəliyev də Eldar Mahmudov kimi özfəaliyyətlə məşğuldur.

Zahid Orucun çıxışında keçmiş baş prokuror Zakir Qaralovun adını çəkməsi də çox maraqlıdır. Belə çıxır, vaxtilə vəzifə tutmuş və “Tərtər işi”ndə qərar vermiş, işgəncələrdən xəbərdar olmuş, hətta işgəncələrlə bağlı göstəriş vermiş sabiqlər də cəzasız qalmayacaqlar.

General korpusu yenidən format edilir. Hərbi strukturlarda kök atmış qruplaşma ilə bağlı dövlətin qərar aldığı açıq görünür. Son günlər yeni təyinatlar bunun işartısıdır. Ötən həftə Türkiyəli general Bəxtiyar Ersayın müdafiə naziri Zakir Həsənova müşavir təyin olunması, Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlunun müdafiə nazirinin müavini təyin edilməsi diqqətdən qaçan detallar deyil.

“Tərtər işi” cinayətində 2016-cı ilin aprel döyüşlərində xüsusi fərqlənən hərbçilərə amansız işgəncələr verilib. Bunu artıq hər kəs bilir, deyir. Bu işgəncə prosesinin başında o vaxtkı Baş Qərargah rəisi, müdafiə nazirinin sabiq 1-ci müavini Nəcməddin Sadıqov dayanıb. Zahid Oruc haqlıdır, o işgəncələrə göz yuman prokurorluq sistemi böyük hüquqi məsuliyyət daşıyır. Vətən torpaqlarını azad etməyə çalışan hərbçilərin öz dövlətinin generalları tərəfindən işgəncəyə məruz qalmaları dəhşətli faktdır. İşgəncələr zamanı ölənlər, fiziki xəsarət alanlar, travma qazananlar, gözü qorxudulanlar nə qədərdir. Bütün bunlara görə generalların üzr istəməsi ilə iş bitməz. Hüquqi cəza olmasa, sabah başqaları da bu cür ağır cinayətlərə əl ata bilərlər.

Zahid Orucun çıxışında bir başqa tezis isə 2020-ci ildə dövləti müharibədən çəkindirməyə çalışanlar haqdadır. Belə çıxır, “Tərtər işi” ilə bağlı adları mənfi planda çəkilən yüksək rütbəli zabitlər Prezident İlham Əliyevin müharibə qərarına mane olmağa çalışıblar. Bu, çox səs-küylü bəyanatdır. Əslində isə dəhşətli informasiyadır. Yüksək rütbəli satqınlar işğala qarşı başladılan hərbi əməliyyatların qarşısını almağa cəhd göstəriblər. İndi bütün bunlar bir-bir açılır. Açıldıqca cinayətin də qatları açılır, xəyanət miqyasının nə qədər böyük olduğu üzə çıxır.

Ordunun içinə sızmış, illədir böyük vəzifələr tutmuş bu şəbəkə generalları, işgəncə “kralları” Azərbaycanı on illərlə geri salıblar. Xəyanət, satqınlıq, korrupsiya, sabotaj – hər əməldən çıxıblar. Mafioz qruplaşmalar yaradaraq millətin qanına çörək doğrayıblar. İndi etdiklərinin cavabını vermək günüdür. Əkdiklərini biçmə zamanıdır.

Hakimiyyət xəyanət çetesinin, işgəncə şəbəkəsinin üzvü olan generalitetlə böyük hesablaşmaya başlayır. Bunların cavabı verilməsə, cəzası kəsilməsə millətin nəfəsini kəsəcəklər.

Müharibədən sonra orduda və hüquq mühafizə orqanlarında təmizləmə işlərinin aparılması qaçılmazdır. Azərbaycan üçün böyük şanslar yaranıb. Dünyanın ən qüdrətli orduları, dövlətləri ölkəmizlə əməkdaşlıq edirlər, bizə dəstə olurlar. Regional və qlobal güclərlə ciddi münasibətlər, müttəfiqliklər qurmuşuq. Prezident İlham Əliyev yaranmış əlverişli beynəlxalq şətlərdə ölkəsini daha üstün mövqeyə çıxarmaq üçün sistemli çalışmaların içindədir. İlham Əliyev siyasi, diplomatik, iqtisadi, hərbi istiqamətlərdə böyük işlər görür. Bir tərəfdən də bu cür generallarla haqq-hesab çürüdülür. Çətin və riskli prosesdir. Amma vacib və təxirə salınmaz işdir.

Mülki nazirliklərdə də təmizləmə işlərinin aparılacağı haqda yazmışdıq. Gələn ilin yanvarından səs-küylü istefaların, işdən çıxarılmaların, hətta həbslərin ola biləcəyi barədə anons etmişdik. Ola bilsin, bütün bunlar gələn ilə və növbəti aya saxlanılmasın. Bu günlərdə elə şeylərin şahidi ola bilərik ki…

Hər nə olur olsun, dövlətimiz və millətimiz üçün yaxşı yekunlaşsın.

Globalinfo.az
Xəbər xidməti