Fidanın tarixi İran səfəri: xəritələr dəyişir? – Regionu silkələyəcək iddia

Türkiyə XİN rəhbəri Hakan Fidanın İrana səfəri ermənilər arasında ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrin erməni seqmentində iddia edilir ki, guya H.Fidan Azərbaycanın Zəngəzur dəhlizi üçün keçirəcəyi hərbi əməliyyata İranın bitərəf qalmasını təmin etməkdən ötrü Tehrana gedib.

“Hakan Fidan İranın prosesə dəstək verməsinə və ya ən azından qarışmamasına nail olmağa çalışacaq”, – erməni KİV yazıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Hakan Fidan Türkiyənin xarici işlər naziri təyin olunandan sonra fəal diplomatik təmaslara başlayıb:

“O, növbə ilə region ölkələrinə səfər edir. Bu səfərlərin məqsədi hər şeydən əvvəl tanışlıqdır. Digər tərəfdən isə intensiv diplomatik təmaslar Türkiyənin regionda yeni geosiyasi mənzərə yaratmaq ambisiyası kimi qiymətləndirilə bilər.

H.Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahianın görüşündə müzakirə olunan əsas məsələlərdən biri də Cənubi Qafqaz olub. Abdullahian həmin görüşdə Azərbaycanla bağlı müsbət mesajlar verdi. Ola bilsin, Fidan “pərdəarxasında” həmkarına Ankaranın Azərbaycanla bağlı “qırmızı xətlərini” xatırlatdı.

Kənan Novruzov

İran Türkiyə ilə münasibətləri pozmaq istəməz. Bu, indiki halda rəsmi Tehrana sərf etmir. Odur ki, Azərbaycanla ehtiyatla davranacaq, birdən-birə Ermənistandan üz döndərməsi də ağlabatan görünmür. Bu, molla rejiminin çoxillik planlarına, bəlkə də, geosiyasi maraqlarına ziddir. Nəzərə almaq lazımdır ki, İran uzun müddət Ermənistandan alət kimi istifadə edib. Hətta yuxarıda səsləndirilən iddia gələcəkdə gerçəkləşsə belə, bunun müvəqqəti olması və İranın yenidən ritorikasını dəyişməsi mümkündür. Ona görə də arxayınlaşmaq olmaz.

Eyni məqamları Fransa haqqında da deyə bilərik. Yəqin ki, yaxın vaxtlarda H.Fidan fransalı həmkarı Ketrin Kolonna ilə danışacaq. Amma danışıqların nəticəsində Fransa və İranın xarici siyasət kursunda ciddi dəyişiklik olacağına inanmıram”.

Turan Rzayev
Globalinfo.az