“Münhen Təhlükəsizlik Konfransında pərdəarxası bir çox məsələyə dair konkret qərarlar verilib. Hazırda onların icrası həyata keçirilir”.
Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın Türkiyə vasitəsilə strateji təmsilçiliyi açıq-aşkar özünü büruzə verir:
“Azərbaycan və Türkiyə yeni bir dönəmə başlayır. Belə ki, iki ölkə yaratdıqları strateji və hərbi birliyi ABŞ və Qərbə qəbul etdirə bilib. Bu gün də bu birlik ortaq strateji hədəf vektorlarını elan edərək icrasına başlayıb.
Gürcüstan da bu prosesin tərkib hissəsidir. Bu mənada Bakıda keçirilən görüş zamanı rəsmi Tbilisiyə izah ediləcək ki, o da bu birliyin parçası olaraq görülür və bunda maraqlı olmalıdır. Çünki Bakı və Ankara regionda ciddi bir iqtisadi-siyasi birlik yaradır və bu birliyin xüsusilə iqtisadi maraqları Gürcüstandan keçir.
ABŞ-a gəldikdə, rəsmi Vaşinqton bu birliyə həm də o baxımdan “yaşıl işıq” yandırır ki, Rusiyanın regionda təsir gücü zəifləsin. Ukrayna müharibəsi Moskvanın gücünü tükədir və bu onun həm də dominant olduğu regionlarda təsir gücünün zəifləməsi deməkdir. Vaşinqton üçün bu gücün yerini alternativ və ona yaxın bir güc doldurmalıdır. Bu mənada Bakı və Ankaranın reallaşdırmağa çalışdığı birlik və əməkdaşlıqda o da maraqlıdır”.
Turan Rzayev
Globalinfo.az














