Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən son hadisələr bu yerin tarixi ilə bağlı müxtəlif fikirlərin səslənməsinə səbəb olub.
Globalinfo.az Söyüdlü kəndi haqqında məlumatı təqdim edir:
Söyüdlü kəndi dağlıq ərazidə yerləşir. Gədəbəy rayonunun bir çox kəndlərində olduğu kimi, Söyüdlüdə də mineral bulaqlar var.
Bu kənd qədim tarixə malikdir. Burada VII–VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur.
Ümumilikdə Gədəbəy rayonunda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Söyüdlü kəndinin ərazisində dünya əhəmiyyətli Böyük Qalaça abidəsi yerləşir. Əslində, bu, nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilən bu qala müdafiə məqsədi daşıyırmış. Elimizin tarixi və taleyi ilə maraqlanan hər kəs üçün çox baxımlı, çox ibrətamiz bir zirvədir.
Söyüdlü kəndinin digər bir möcüzəsi Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim şəhəri xatırladır.
1888-1891-ci illərdə alman mənşəli Valdemar Belk rayonun müxtəlif kəndlərində arxeoloji qazıntılar aparmışdır. Onun üzə çıxardığı yüzlərlə eksponat bu yerlərin dərin tarixi qatlara söykəndiyindən xəbər verir. Nadir tapıntılar heç şübhəsiz, xəlvəti yolla xaricə daşınırdı. Həmin eksponatların bir hissəsi ayrı-ayrı dövlətlərin muzeylərində – Almaniyada, Avstriyada, Rusiyada, Ermənistanda, Gürcüstanda və başqa yerlərdə indi də nümayiş etdirilir.
SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd 1993-cü ildən Gədəbəy rayonunun tərkibində ərazi vahidi yaradılmış eyniadlı inzibati ərazi vahidində yerləşir.
Söyüdlü kəndi bu günə qədər müxtəlif sahələr üzrə alimlər, mütəxəssis və digər sənət sahibləri yetişdirib. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tamerlan Yayaqan
Globalinfo.az














