“Hacı Şahin son dəfə dedi ki…” – Dostları bunu yazdı

"Hacı Şahin son dəfə dedi ki..." - Dostları bunu yazdı

Ölkənin bir sıra tanınmış şəxsləri ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından sonra onunla bağlı fikirlərini yazıblar.

Globalinfo.az həmin paylaşımları təqdim edir:

Millət vəkili Qüdrət Həsənquliyev:

“Hacı Şahin Həsənlinin vaxtsız vəfatı məni dərindən kədərləndirdi. Vətəninə, xalqına sevgisi, işıqlı düşüncəsi, dürüstlüyü, səmimiliyi ilə hər kəsin hörmətini qazanmış Hacı Şahin Həsənlinin vəfatı dini baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı, bütövlükdə cəmiyyətimiz üçün böyük itkidir. Yeri hər zaman görünəcək, xatirəsi əziz tutulacaq”.

Müğənni İzzət Bağırov:

“Səhər-səhər bu nə pis xəbər oldu. Bu gün çox dəyərli, gözəl bir din alimini, mömin qardaşımızı itirdik. Bu da fani dünya. Söz tapa bilmirəm yazım. Heyif səndən qardaş. Məkanın cənnət olsun. Qəbrin nurla dolsun”.

Qiraətçi Xəzər Süleymanlı: “Son dəfə 2 gün bundan qabaq görüşmüşdük. Ümrə ziyarətindən öncə də, sonra da bizi təbrik etdi. Həmişəki kimi danışdıq, güldük, söhbətləşdik, dedi, Ramazanda bir gün ayıraca iftar da edək. Bu sözü əsla yadımdan çıxmayacaq. Hər görüşdə deyirdi ki, Xəzəri çox istəyirəm, görəndə ürəyim açılır. O, başqaları üçün din xadimi idisə, bizim üçün dost idi, yoldaş idi, qardaş idi. Hisslərimi ifadə edə bilməyəcəm. Çox ağır oldu vaxtsız gedişi. Ruhun şad olsun, Hacı…”

AĞ partiyanın sədri Tural Abbaslı:

“Allahdan gəldik, Ona da dönəcəyik! Bu gün səhəri acı xəbərlə açdıq. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Məşədi Dadaş məscidinin imamı dəyərli insan Hacı Şahin Həsənlinin qəfil vəfatı bizi kədərləndirdi. Hacı Şahin dini baxışlarından asılı olmalayaraq hər zaman öz həlimliyi və birləşdirici kimliyi ilə yadda qalan dəyərli ilahiyyatçı idi. Mən adətən Hacı ilə şəhidlərimizin anım mərasimlərində qarşılaşırdım, bu mövzularda da hər zaman həssas olmuşdu.  Öz adımdan və rəhbərlik etdiyim AĞ Partiya adından Hacıya ALLAHdan rəhmət və günahlarının bağışlanmasını diləyirəm. Yaxınlarına və sevənlərinə də səbr diləyirəm”.

Politoloq Elxan Şükürlü:

“O, Allahın kəlamlarını, o cümlədən həyatı və ölümü insanlarımıza ən gözəl şəkildə anladan, Allahı sevməyin Vətəni sevməkdən başladığını öyrədən və üçrəngli Azərbaycan bayrağını da şəhidlər sərdarı Hüseynin (s.) bayrağıyla birgə başı üzərinə qaldırmağı bacaran tək-tük istedadlı din xadimlərimizdən, yolunu azaraq cəhalət girdabında çırpınan bir toplumu aydınlığa çıxarmağa can atan həqiqi ziyalılarımızdan – İşıq İnsanlarımızdan idi! Bu gün o İşıqlardan daha biri söndü! İtirənsə təkcə onu sevən, qardaş bilən minlərlə ardıcılı yox, bütün Azərbaycanımızdır! Başın sağ olsun, Vətən!”

Millət vəkili Razi Nurullayev:

“Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi! Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbirli və dövlətini sevən şəxs idi. Yaxınlarına və doğmalarına öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası – MCP adından dərin hüznlə başsağlığı verir və Allahdan ona rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun!”

Meyxanaçı Cahangeşt Balaxanı:

“Söz tapa bilmirəm. Allah rəhmət eləsin dəyərli ruhanimiz, əziz qardaşım, dərd ortaqlarımdan biri olan Hacı Şahinə. Alim öldü, aləm öldü”.

Zaira Akifqızı
Globalinfo.az