Gürcüstanı kim qarışdırdı? – Ekspertlər ünvan göstərdilər, ad çəkdilər

Gürcüstanı kim qarışdırdı? - Ekspertlər ünvan göstərdilər, ad çəkdilər

Gürcüstanda baş verən etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

Aksiya iştirakçıları hər nə qədər istəklərinə nail olsalar da proseslər gərgin olaraq qalmaqdadır. Belə ki, Martın 7-8-də keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları, xüsusilə də polis əməkdaşlarına hücum faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə bir nəfər saxlanılıb. İnzibati qaydada saxlanılanların sayı isə 133-ə çatıb.

Maraqlıdır, Gürcüstan niyə qarışdı? Bu ölkədə ictimai etirazın tüğyan etməsinə bəhanə lazım idi? Növbəti inqilab mümkündürmü? Orda baş verənlərin Azərbaycana təsiri olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, qəbul olunan “Xarici agentlər haqqında” normal qanun deyil:

“Nəzərə almaq lazımdır ki, hər ölkənin özünəxas siyasi konfiqurasiyası var. ABŞ-da mövcud olan siyasi təcrübə, siyasi mədəniyyət və siyasi sosiallaşma səviyyələri digər ölkələrdə eyni olmadığı üçün orada tətbiq edilib yüksək nəticələr əldə olunan siyasi qərarlar və mexanizmlər də başqa ölkələrdə eyni nəticəni verməyə bilər. Xüsusən Gürcüstan kimi Rusiyanın açıq təsirlərinin mövcud olduğu bir ölkədə bu qanun layihəsinin qəbuluna əks reaksiyanın verilməsi normaldır. İndiki hökumət isə Kremldən asılılığına sanki don geyindirməyə çalışır.

Əlbəttə ki, siyasi təfəkkürü olan insanlar üçün bu addım qəbuledilməzdir. Lakin istənilən halda Gürcüstanda bu cür xaosun yaşanması region üçün yaxşı heç nə vəd etmir. Rusiya təsir imkanlarını nəinki Gürcüstanda artırır, hətta bölgədə təhlükəsizliyi sual altına qoyur.

Gürcüstanı kim qarışdırdı? - Ekspertlər ünvan göstərdilər, ad çəkdilər

Züriyə Qarayeva

“Cənubi Qafqaz evi” layihəsinin gündəmə gəldiyi, Rusiya orbitindən uzaqlaşma tendensiyasının getdiyi vaxtda bu proseslər əks effekt yaradır. Bu kontekstdə dəyərləndirsək, baş verənlərin Qərbin deyil, Moskvanın maraqlarına xidmət etdiyini görə bilərik. Məxsusi olaraq ölkəmiz üçün də eyni neqativ nəticələri ön görmək mümkündür. Rusiyanın bölgədə dayaqlarının tamamilə təmizlənməsi Qarabağ məsələsinin də ən qısa vaxtda həllinə rəvac verə bilər. Qonşu ölkədə siyasi qeyri-sabitlik, anti-demokratik sistemin yaranması bizim üçün müsbət gözləntilər vəd edə bilməz. Üstəlik Gürcüstan bizim əsas ticarət tərəfdaşımız, enerji təhlükəsizliyimizdə vacib aktorlardan biri, strateji müttəfiqimiz olan ölkədir. Bir də bu tərəfdən baxsaq, Gürcüstanda sabitliyin mövcud olmasının bizim üçün nə dərəcədə önəmli olduğunu anlamış olarıq”.

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Gürcüstanda baş verən son siyasi proseslər bir daha onu sübut etdi ki, Avroatlantik inteqrasiya bütün xalqı birləşdirən milli məsələ və hər kəsin qırmızı xəttidir:

“Eyni zamanda, bu qənaət möhkəmləndi ki, müxalifətin bir liderin şəxsi ambisiyaları və qisasçılığı uğrunda mübarizə apardığı barədə təsəvvürlər ortada olanda xalq bu mübarizəyə dəstək vermir.

Gürcüstanı kim qarışdırdı? - Ekspertlər ünvan göstərdilər, ad çəkdilər

Şahin Cəfərli

Ona görə də, müxalifət mütləq şəkildə çalışmalıdır ki, Gürcüstan siyasətini İvanişvili-Saakaşvili bipolyar rəqabəti və düşmənçiliyi mənzərəsindən, məhz bu zəmində qütbləşmədən qurtarsın.

Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq. Əks təqdirdə, qoca “Qafqaz tülküsü” “parçala, hökm et” metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək”.

Turan Rzayev
Globalinfo.az