Gürcüstanda seçki aktivliyi 9,27% təşkil edib.
Globalinfo.az xəbər verir ki, məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Natiya İoseliani açıqlayıb.
Yerli mətbuat hazırkı saata olan aktivliyin 2020-ci illə müqayisədə yüksək, “Gürcü Arzusu”nu hakimiyyətə gətirən 2012-ci il seçkisi ilə (10,66%) müqayisədə az olduğunu açıqlayıb.
Müxalifətdə olan Dəyişikliklər Koalisiyasının rəhbərlərindən biri Niki Qvaramiya aktivliyin yüksək olmasının ümid yaratdığını bildirib:
““Gürcü Arzusu” artıq seçkini uduzub. Bidzina İvanişvilinin şərhi bunu açıq göstərir”.
“Gürcü Arzusu”nun fəxri rəhbəri Bidzina İvanişvili isə səs verdikdən sonra açıqlayıb ki, gürcü xalqı siyasəti cinayətkarlardan azad etməlidir:
“İctimaiyyəti seçkiyə səsləyirəm. Biz çox sadə iş görməliyik – ya gürcü xalqına xidmət edən hökuməti seçəcəyik, ya da başqa ölkənin agentlərini seçəcəyik”.
Mərkəzi Seçki Komissiyası seçki dönəmində xırda bir neçə pozuntunun qeydə alındığını deyib. Lakin müxalifət hakim partiyanın seçiciləri ələ almağa çalışdıqlarını söyləyib. Zuqdidi bölgəsində müşahidəçilər “Gürcü Arzusu” tərəfdarları tərəfindən döyülərək seçki məntəqəsindən çıxarılıblar. Batumidə isə müxalifətlə iqtidar müşahidəçiləri arasında gərginlik yaşanıb. Azərbaycanlıların kompakt yaşadığı bölgələrdən hazırda əsas şikayət Marneulidən gəlib. Burada seçicilərin səslərinin satın alınmasına cəhd olunduğu müxalif Vahid Milli Hərəkat Partiyası tərəfindən açıqlanıb, lakin iqtidar bunu rədd edir.
Əliyar Xəlil
Globalinfo.az














