Gürcüstandakı çevriliş cəhdinə Saakaşvili tərəfdarından cavab gəldi

Bu günlərdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yaymışdı ki, ölkədə çevrilişə cəhd olub. Planının müəllifləri Mixail Saakaşvilinin prezidentliyi dövründə daxili işlər nazirinin müavini vəzifəsini tutmuş Georgi Lortkipanidze, Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin və Ukraynadakı “Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvilidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov deyib ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Avropa İttifaqına üzv olmaq istəyir:

“Məlumdur ki, ötən il ölkənin namizədlik statusu alması üçün 12 bəndlik şərtlər irəli sürülüb. Hakimiyyətə təqdim edilən şərtləri və islahatları tətbiq etmək üçün zaman verilib. Bu tələblərin öhdəsindən gəlməyən və xalqın iradəsini heçə sayan hakimiyyət isə açıq şəkildə Rusiyayönlü siyasət apardı və xalqın etirazları ilə qarşılaşdı.

Rəfi Orucov

İlin sonu Gürcüstanın namizədlik statusuna yenidən baxılacaq və çox güman ki, yenidən ölkə bu statusu ala bilməyəcək. Bu hal xalq arasında narazılığa və güman ki, tələblərə səbəb olacaqdır. Bunu proqnozlaşdıran hakimiyyət çox yaxşı bilir ki, xalq arasında bu, birmənalı qarşılanmayacaq. Buna görə ictimai diqqəti yayındırıb bu tip təbliğat vasitələrindən istifadə etmək istəyirlər. Bu yolla həm də özlərini sığortalamağa çalışırlar”.

Rəfi Orucov bildirib ki, bu addımlar Rusiya informasiya mexanizmini xatırladır:

“Bu ola biləcək etiraz dalğasını önləmək, kütləvi həbs, təxribat və digər addımlara əvvəlcədən çevriliş donu geyindirib özlərini sığortalamaq cəhdindən başqa bir şey deyil. Ola biləcək etirazlar fonunda müxalifəti günahlandırmaq, bu tip iddialar irəli sürmək cəfəngiyatdır. Demokratik dəyərlərə üstünlük verən vətəndaşlar siyasi baxışları fərqli olsa da gələcəkləri, vətənləri üçün hər zaman azad toplaşıb öz tələblərini irəli sürə bilirlər. Hakim partiyanın reytinqi günü-gündən düşür. Namizədlik statusu ala bilməsək bu nifrət daha çox böyüyəcək. Bu fakt hakimiyyəti çox qorxudur, onlar anlayır ki, çoxluğun arzusu Rusiya deyil, Avropa ailəsidir. Yaxşı olardı, hakimiyyətin nümayəndələri xalqın arzusunu üstün tutsun, şəxsi maraqlarını deyil. Bu cür cəfəngiyat yaymaqdansa xalqın mənafeyi üçün addımlar atsa idilər daha yaxşı olardı onlar üçün”.

Turan Rzayev
Globalinfo.az