Gürcüstan parlamenti ölkəni qarışdıran qanunu ləğv etdi

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının “Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib.

“Report”un məlumatına görə, bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:

“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.