Gürcüstanda nələr baş verir? – Xaosun pərdəarxası məqamları

“Martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəklədi. Buna baxmayaraq, paytaxt Tbilisidə keçirilən aksiyalar səbəbindən qanun layihəsi qısa zaman ərzində geri götürüldü. Bu baş verməsəydi, etirazlar daha da güclənə bilərdi. Bu isə ölkə daxilindəki sabitliyə zərbə vuracaqdı”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, bundan sonra Moskva ilə Tbilisi arasında münasibətlərin gərginləşməsi, Rusiyanın Gürcüstana təzyiq göstərməsi mümkündür:

“Gürcüstan müxalifəti deyib ki, qanun layihəsinin geri götürülməsinə baxmayaraq, aksiyalar davam edəcək. Əlbəttə, belə də olmalıdır. Əks halda qanun layihəsinin yenidən gündəmə gəlməsi üçün şərait yarana bilər. Hökumət xalqın müqavimətini və əzmkarlığını görməlidir.

Ümumiyyətlə, Gürcüstandakı son hadisələrin Rusiyanın bu ölkə ilə bağlı yeni layihəsinin olması ehtimalı böyükdür. Sözügedən qanun layihəsi Gürcüstanda Avropa İttifaqı ilə Rusiyanın rəqabətini artıracaq.

Qanun layihəsi qəbul olunmaz və yaxın zamanda sabitlik təmin edilərsə, bu, ölkənin Aİ-yə üzvlüyü istiqamətində növbəti addımı, daha bir maneəni dəf etməsi olacaq”.

Turan Rzayev
Globalinfo.az