Gürcüstan DTX İran vətəndaşının israillini öldürməsinin qarşısını aldı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-kəşfiyyat departamenti İsrail vətəndaşını qətlə yetirməyə çalışan beynəlxalq cinayətkar qrupu ifşa edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb.

Bildirilib ki, operativ əməliyyat-istintaq tədbirləri nəticəsində ölkə xaricində olan İran vətəndaşının sifariş verdiyi və Pakistan vətəndaşının icra edəcəyi sui-qəsdin qarşısı alınıb.

Qurumun operativ əməliyyat-istintaq tədbirləri nəticəsində sözügedən Pakistan vətəndaşı, həmçinin İran-Gürcüstan ikili vətəndaşlığına malik daha bir şəxs saxlanılıb.

Məlumatda qeyd olunub ki, sui-qəsd cəhdinin İran vətəndaşı olan sifarişçisi də daxil olmaqla xaricdə olan təşkilatçıları müəyyənləşdirilib və digər iştirakçılarla bağlı kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX-nın araşdırmaları nəticəsində müəyyən edilib ki, Pakistan vətəndaşı İsrail vətəndaşını qətlə yetirmək tapşırığı ilə cinayətkar qrup tərəfindən Gürcüstana göndərilib. Ona Gürcüstana gəlmədən öncə qətlə yetirəcəyi şəxslə bağlı zəruri məlumatlar ötürülüb. Bildirilib ki, Pakistan vətəndaşı Gürcüstana kirayə ev tutduğu və müxtəlif əlaqələr qurduğu üçüncü ölkədən keçərək gəlib.

Araşdırma zamanı cinayətkar qrupun Pakistan vətəndaşına sui-qəsddə istifadə edəcəyi odlu silahı İran-Gürcüstan vətəndaşı vasitəsilə gizli şəkildə çatdırdığı müəyyən edilib.

Vurğulanıb ki, izi itirmək məqsədilə İran-Gürcüstan və Pakistan vətəndaşı arasında birbaşa təmas qurulmayıb və odlu silah və sursat Tbilisinin müxtəlif nöqtələrində yerləşdirilərək çatdırılıb, bu zaman hər iki tərəf xaricdən koordinasiya edilib.

Gürcüstan DTX cinayətdə iştirak edən digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini açıqlayıb.