Gürcüstan böyük fırtına astanasında – Xilas olmağın yeganə yolu…

Azərbaycanın qonşuluğunda böyük siyasi hadisələrin yaşanacağı, təlatümlərin olacağı gözlənir. Gürcüstanın böyük təlatüm qarşısında olduğu ilə bağlı fikirlər səsləndirilir. Belə ki oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə xalq keçmiş və indiki hakimiyyəti dəstəkləməklə iki hissəyə bölünüb desək yanılmarıq.

Bu baxımdan Gürcüstanda çox maraqlı proseslər gedir.

Gürcüstan harda yanlış etdi ki, Qərblə Rusiya arasında poliqona çevrildi? Tbilisi qarşıdan gələn seçkilərdən “sağ” çıxacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Gürcüstan hakimiyyətinin yanlışı onun başında duran Bidzina İvanişvilidir:

“Bütün yanlışlar, siyasət, atılan addımlar elə onun adı ilə bağlıdır. B.İvanişvili kriminal milyardları Rusiyada qazanıb. Rusiya xüsusi xidmət orqanlarının da bundan xəbərdar olması istisna deyil. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədən bu qədər böyük miqdarda pul qazanmaq, oğurlayaraq rəsmi Moskvadan qaçmaq mümkün deyil. Ona görə İvanişvili Rusiya ilə münasibətlərdə hər zaman geriyə dönüş üçün bir ayaq yeri qoyub. Burada ən son nöqtə isə Xarici Agentlər Haqqında qanunun qəbul olunması idi”.

Natiq Miri

Politoloq bu qanunun Qərbi niyə qıcıqlandırdığına da aydınlıq gətirib:

“Bu qanun ilk dəfə Rusiyada qəbul olunub. Rusiyanın tövsiyəsi ilə Gürcüstan parlamentinə daşındı. Bu da ciddi müzakirə və mübarizə predimentinə çevrildi. Bundan sonra Bidzina İvanişvili hökumətinin gedişinə qərar verildi. Bu qüsurları tənzimləmək üçün kifayət qədər vaxt yoxdur. Çünki oktyabr ayında parlament seçkiləri keçiriləcək. Gürcüstanın təlatümdən çıxmasının yeganə yolu gürcü xalqıdır. Onlar gerçəyi anlayıb Rusiyanın yaratdığı “bic” qurumlar, dövlətlərdən üzr istəməyi qəbul etməyib. Avropaya inteqrasiya tərəfdarı olduqlarını, paralel şəkildə Saakaşvili islahatlarını özlədiklərini xatırlayıb, seçkidə isbat etsələr heç bir təlatüm olmayacaq. Hakimiyyət qanuni yolla dəyişəcək ki, bu da rəsmi Tbilisinin önünü açacaq. Qərar verən tərəf xalqdır”.

Safura Bənnayeva
Globalinfo.az