Sentyabrın 16 və 17-də – Məhsa Əmininin öldürülməsinin ildönümündə İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Yenidən başlayan etiraz aksiyalarında 270 nəfər həbs edilib. Qeyd edilən say rəsmi statistikadır və saxlanılanların sayının göstəriləndən daha çox olduğu iddia edilir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri deyib ki, bir çoxları İranda aksiyaların bitdiyini düşünsə də reallıq heç də belə deyil:
Kərim Əsgəri
“Məhsa Əmininin öldürülməsinin ildönümündə İranda etiraz aksiyaları hələ də davam edir. Düzdür, ilk vaxtlardakı kimi meydanlarda geniş kütlələr olmasa da proses bitməyib.
Misal üçün, bu gün İranda xalq ana dilində danışır və hakimiyyətin bu istiqamətdə etdiyi təzyiqlərə sivil itaətsizlik göstərir. Bundan başqa İran hakimiyyətinin məcburi tələbi olan baş örtüsünə qadınlar etiraz edir.
Təəssüf ki, bu insanların meydanlarda olduğu aksiyalar zamanı minlərlə şəxs həbs edildi, müəmmalı şəkildə öldürüldü, hətta kor edildi. İran rejimi etiraz aksiyalarını ən sərt şəkildə basdırır. Taleyindən xəbər olmayan bir çox insan var. Məhz buna görə bu gün İranda etiraz aksiyaları meydanlardan arxa küçələrə keçib. İnsanlar mübarizəni küçə mübarizəsi şəklində aparır”.
Turan Rzayev
Globalinfo.az