gunay

*** 13:32

Bir neçə gündür ki, deputat Günay Ağamalının səsləndirdiyi fikirlər ictimai müzakirələrə və tənqidlərə səbəb olub. Belə ki, o bildirib ki, uşaqpulu verilməməlidir. Onun fikrincə, uşaqpulunun bərpası ailələrdə tənbəlliyə yol açacaq.

Deputatın sözlərində həqiqət payı varmı?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, birdəfəlik anlamalı olduğumuz məsələ budur ki, uşaqpulu məsələsi emosional ya da sırf iqtisadi yox, məhz sosial siyasət prizmasından müzakirə olunmalıdır:

Deputat Günay Ağamalının “uşaqpulu tənbəllik yaradar” fikri ilk baxışdan rasional iddia kimi görünsə də, bilirik ki, sosial reallıq o qədər də sadə deyil. Hər şeydən əvvəl, gəlin etiraf edək ki, Azərbaycanda verilə biləcək potensial uşaqpulu məbləği elə səviyyədə olmayacaq ki, insanlar işləməyi dayandırıb uşaqpulu ilə rahat həyat yaşasınlar və “tənbəlləşsinlər”. Faktiki olaraq bugünkü iqtisadi şəraitdə bir uşağın aylıq xərci həmin o yardımın (uşaqpulunun) bir neçə qatını keçir”.

Sosioloqun fikrincə, Günay Ağamalının iddiasındakı əsas problem odur ki, kasıblıq və sosial dəstək arasında tənbəllik əlaqəsi qurmaqla sosial problemləri fərdi xarakter problemi kimi təqdim edir:

“Halbuki bir çox ailə məhz iqtisadi sistemin yaratdığı çətinliklər içində yaşayır. Heç kimə sirr deyil ki, zəhmətkeşliyindən və bacarıqlarından asılı olmayaraq, cəmiyyət hər kəsə eyni standartlara çatmaq üçün oxşar imkanları vermir. Bu baxımdan, sosial dəstək mexanizmləri tənbəlliyi artırmır, sadəcə olaraq sosial stabillik aləti kimi işləyir”.

yusif nebiyev esas

Yusif Nəbiyev

Digər tərəfdən, Yusif Nəbiyev deyib ki, bunu da vurğulamaq lazımdır ki, “cəmiyyətdə kasıblar çoxdursa, uşaqpulu mütləq verilməlidir” yanaşması da hər zaman doğru deyil:

“Adətən, yüksək inkişaf səviyyəsinə çatmış Skandinaviya ölkələrindəki sosial yardımların genişliyini misal gətirib “əsl sosial rifah dövləti belə olmalıdır” deyirlər, amma bunun yanında güclü vergi sistemi, yüksək əmək məhsuldarlığı və ciddi nəzarət mexanizmlərini gözdən qaçırırlar. Təəssüf ki, sadəcə pul paylamaq sosial problemləri həll etmir. Çünki sosial bərabərsizlik yalnız iqtisadi problem deyil, həm də mədəni və struktural məsələdir. Cəmiyyətdəki kəskin təbəqələşmə bir sistem problemidir. Əgər ailələrin təhsil, səhiyyə və sosial imkanları fərqlidirsə, təkcə uşaqpulu kimi yardımlarla bu imkanları eyniləşdirmək və ya yaxınlaşdırmaq mümkün deyil”.

Sosioloq hesab edir ki, ən rasional model ünvanlı və balanslı sosial dəstək sistemidir:

“Yəni nə hamıya pul paylamaq, nə də sosial yardımı tamamilə kəsmək lazımdır. Sosial siyasət nə emosional şüarlarla, nə də soyuq bir vecsizliklə qurula bilər. Burada real insan davranışlarını və ölkənin iqtisadi reallıqlarını nəzərə almaq lazımdır”.

Zaira Akifqızı
Glonalinfo.az

Paylaş: