HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İran və İsrail arasında gərginlik pik həddə çatıb. Xüsusilə İranın yeni prezidenti Məsud Pezeşkianın bu hücuma hansı şəkildə cavab verəcəyi maraqla izlənilir.
Bəzi ekspertlərin fikrincə, Haniyəyə sui-qəsdin əsas məqsədi İranı müharibəyə cəlb etməkdir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, HƏMAS rəsmisinin məhz Tehranda öldürülməsi İran hökumətinin ciddi reaksiyasına səbəb oldu:
“Ölkə rəsmiləri verdikləri açıqlamalarda intiqam alacaqlarını dedilər. Prezident Məsud Pezaşkian bildirdi ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək. İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei isə İ.Haniyənin qisasının alınmasını İranın borcu adlandırıb.
Sözügedən hadisədə kifayət qədər şübhəli məqamlar var: İranın təhlükəsizlik sistemi, doğrudan, bu qədər zəifdir? İ.Haniyə niyə məhz İranda öldürülüb? Doğrudanmı, bu prosesdə üçüncü qüvvənin əli var?
Hadisədən belə məlum olur ki, koordinatlar çox dəqiq olub. Məlumatların daxildən verilməsi daha real görünür. Bu, ağlabatandır. Hətta istisna deyil ki, İ.Haniyəni məhz İran özü aradan qaldırıb. Əlbəttə, bu, sadəcə versiyadır”.

Kənan Novruzov
Onun sözlərinə görə, sui-qəsddə üçüncü bir ölkənin əli ola bilər:
“Versiyalar üzərindən çıxış edək. Əgər İ.Haniyəni İsrail aradan qaldırıbsa, çox güman, bunu yenə də İran daxilindəki “agenti” vasitəsilə həyata keçirib. Ərazi olaraq Tehranın seçilməsi, perspektivdə İranı avantüraya çəkmək məqsədi daşıya bilər. Təl-Əviv doğrudanmı bunu istəyir? Əgər bunu istəyirsə, deməli, İsrail müharibənin daha geniş fazaya keçməsinə hazırdır.
Nəzərə almaq lazımdır ki, ABŞ İsrailə ciddi dəstək olur. Vaşinqtonun əsas məqsədlərindən biri də Tehranı idarəolunan vəziyyətə gətirməkdir.
İ.Haniyənin üçüncü qüvvə, məsələn, ABŞ tərəfindən aradan götürülməsi də mümkündür. Ya da ola bilsin, proses daxildən həyata keçirilib”.
“İndi M.Pezaşkianın özünü doğrultmasına ehtiyac var. Bu baxımdan o, ciddi addımlar ata bilər. Məncə, Haniyənin məhz Pezaşkianın andiçmə mərasimində öldürülməsi həm də yeni prezidentə bir xəbərdarlıqdır”, – K.Novruzov bildirib.
Turan Rzayev
Globalinfo.az














