“Gözləmirdim, sürpriz oldu” – Qəşəm Nəcəfzadə

“Gözləmirdim, sürpriz oldu” – Qəşəm Nəcəfzadə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.

Təəssüratlarını Globalinfo.az-la bölüşən Qəşəm Nəcəfzadə bunun üçün heç bir müraciət edilmədiyini söyləyib:

“Gözləmirdim, sürpriz oldu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Evim yox idi. Mənə böyük bir qayğı göstərdilər, hər şey üçün minnətdaram. Görünür, xarici ölkələrdə nəşr olunan kitablarım, publisist yazılarım qiymətləndirilir. Bu, dövlətin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Sevinirəm ki, yazıçılara, şairlərə qayğı göstərilir. Ev Bakının mərkəzi hissələrindən birində yerləşir”.

Q.Nəcəfzadə oğlu Kəramət Böyükçölün də sevincli olduğunu, onun fikirlərinin səhv anlaşıldığını bildirib:

“Oğlum da buna sevinir, minnətdardır. Atasına verilən bu dəyərə, əlbəttə ki, şaddır. Onu “müxalifətçi” adlandırırlar, amma elə deyil. Oğlum fərqli fikir adamıdır. Quş da yuvasına sevinir, insan təbii ki, evinə sevinər”.

“Gözləmirdim, sürpriz oldu” – Qəşəm Nəcəfzadə

Yazıçı Kəramət Böyükçöl də sosial şəbəkə hesabında paylaşım edərək, atası ilə münasibətinə aydınlıq gətirib:

“Atama ev hədiyyə edilibsə, bu nə hökumətin mənə münasibəti deməkdir, nə də mənim hökumətə. Atam şeir yazanda mən heç anadan olmamışdım. Onun ölkəmizdə və xaricdə 35 kitabı çap olunub. Beynəlxalq şeir festivallarında Azərbaycanı təmsil edib. Bircə şeyi bildirmək istəyirəm ki, atam Yazıçılar Birliyində işləyir, məni isə Yazıçılar Birliyindən çıxarıblar. Hətta mən Yazıçılar Birliyindən çıxarılanda atam məni yox, sədr Anarın mövqeyini müdafiə edərək açıqlama vermişdi ki, Kəraməti yaxşı edib birlikdən uzaqlaşdırıblar. Mən 10 ildən çoxdur ki, atamla bir yerdə yaşamıram. Bizim ata-oğul kimi münasibətlərimiz cəmiyyət qarşısında olan debatlarımızda da müəyyənləşmişdi. Yəni atama ev hədiyyə olunmamışdan qabaq onun ictimai mövqeyi bəlli idi”.

Ayşən Mustafa

Globalinfo.az