Məktəbdə övladına xəsarət yetirməyə cəhd edən 22 yaşlı qadınla bağlı yeni xəbər – TƏFƏRRÜAT / VİDEO

Məktəbdə övladına xəsarət yetirməyə cəhd edən 22 yaşlı qadınla bağlı yeni xəbər - TƏFƏRRÜAT / VİDEO

Goranboyda məktəbdə baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Globalinfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, ikinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib.

Sinif rəhbəri isə şagirdi qorumaq istəyərkən xəsarət alıb.

Baş verənlərlə bağlı şübhəli şəxs Əfsanə Rzayevanın qayınanasının sözlərinə görə, gəlininin səhhətində problemlər olub:

“22 yaşındadır, üç övladı var. 5 dəfə narkoz alıb. Başı travma alıb. Bir kurs müalicə etdik, bir az düzəlmişdi. Yoldaşı ilə mən işdə idik, dedilər ki, başı pozulub. Anası ilə birgə Gəncə Xəstəxanasına apardıq. Müalicə olunacaq”.

Ətraflı süjetdə:

***17:31

Aprelin 3-də Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Globalinfo.az bildirir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edilib ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

***16:13

Goranboyda orta məktəbdə insident baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli Ə. Rzayeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.