Gerasimovun ölüm xəbəri haqda gerçəklər – Əslində, nə baş verib?

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun öldürülməsi ilə bağlı iddialar təsdiqini tapmasa da, bir sıra versiyalar hələ də gündəmdədir.

Maraqlıdır, Valeri Gerasimov həqiqətən öldürülüb? Onun ölümü təsdiqlənərsə, bu, nə ilə nəticələnər? Rusiya nüvə silahından istifadə edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ukrayna-Rusiya müharibəsində iki ordu arasında şiddətli döyüşlər, əks-hücumlar getsə də, informasiya sahəsində də ciddi mübarizə var:

“Xüsusilə psixoloji üstünlüyü ələ keçirmək, qarşı tərəfin döyüş əzmini sındırmaq üçün ciddi təbliğat, əks-təbliğat və dezinformasiya cəhdləri edilir. Çünki informasiya savaşında geri düşmək cəbhədəki uğurları zəiflədir. Son iki il ərzində Rusiya-Ukrayna müharibəsində tərəflərin informasiya müharibəsinə üstünlük verdiyinin şahidi olduq.

Oqtay Qasımov

Hesab edirəm, Valeri Gerasimovun öldürülməsi ilə bağlı iddialar da məhz informasiya müharibəsinin tərkib hissəsidir. Lakin bununla belə xəbərin təsdiq, təkzibi rəsmi səviyyədə olacaq. Bu məlumat təsdiqlənərsə, Rusiya ordusu üçün ciddi zərbə deməkdir, çünki Gerasimov həm ordu, həm də hərbi elita üçün mühüm simadır. Eyni zamanda, onun ölümü Rusiya üçün utanc olar və Kremlin ordunun əsas şəxsini belə müdafiə etmək iqtidarında olmadığı üzə çıxar.

O ki qaldı Gerasimovun ölümünün nüvə müharibəsinə səbəb olmasına, bu, zəif ehtimaldır. Belə ciddi bir qərarın verilməsi şəxslərin ölümü üzərindən baş vermir”.

Turan Rzayev
Globalinfo.az