General Munir İranı hədələdi – Tehran vurulacaqmı?

İran və Pakistan arasında gərginlik zaman-zaman səngisə də qalmaqdadır

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general Asim Munir deyib ki, “İran bizə zərbə vursa, cavabını alacaq”.

Belə bir məqamda İran və Pakistan arasında genişmiqyaslı müharibə ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov qeyd edib ki, Yaxın Şərqdə baş verən münaqişə zəminində İran və Pakistan arasında gərginlik pik həddə çatıb:

“İranın Pakistana vurduğu raket zərbələrinə cavab olaraq Pakistan da İranın Sistan və Bəlucistan ərazilərini vurdu. Vəziyyət o yerə çatdı ki, hər iki ölkə öz səfirlərini geri çağırdılar. Pakistan qoşunlarını İran sərhədinə, İran da Pakistan sərhədinə yığmağa başladı. Çin isə iki ölkə arasında müharibənin baş verməsinin qarşısını almaq üçün vasitəçilik etdi.

Pakistanla münaqişə İrana xeyir verməyəcək. Tehran diplomatik yolla məsələni həll etməyə çalışır. Hazırda aparılan danışıqlarda səfirliklərin fəaliyyətinin bərpası da müzakirə edilir.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yanvarın 29-da Pakistana səfəri gözlənilir. Ehtimal ki, tərəflər məsələnin diplomatik yolla həllinə cəhd edəcəklər. Lakin iki ölkə arasında müharibə olarsa, bu, regiona böyük ziyan vuracaq”.

Safura Bənnayeva
Globalinfo.az