General-mayor Bəkir Orucov saxlanılıb – “Tərtər işi”

Sentyabrın 2-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı haqda məlumat yayılıb. Globalinfo.az bildirir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı rəsmi olaraq açıqlanmasa da, generalın “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Globalinfo.az xatırladır ki, “Tərtər işi” ilə bağlı 2021-ci ilin 16 dekabr tarixində yenilik baş verib. İşin tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.

Bundan sonra ibtidai istintaq Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. Prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.

“Tərtər işi” ilə bağlı bu yenilikdən sonra Müdafiə Nazirliyində bir-birinin ardınca sensasion həbslər başladıldı. İndiyədək sözügedən cinayət işinə görə xeyli sayda yüksək rütbəli və vəzifəli hərbçilər saxlanılıb, istintaqa cəlb edilib. General-mayor Bəkir Orucovun həbsi isə hələlik sonuncudur. “Tərtər işi”ni ictimai qaydada araşdıran hüquqşünasların fikrinə görə, həbslər davam edəcək.

Globalinfo.az