Gənclər hər zaman cəmiyyətlərin ən həssas və formalaşmaqda olan təbəqəsi olub. Onların düşüncə və davranışları bilavasitə cəmiyyətin gələcəyini müəyyənləşdirir. Gənclər həm də sosial-siyasi proseslərin istiqamətinə təsir edir. Bu səbəbdən ideoloji təsirlər, xüsusilə də təxribat xarakterli ideoloji cəhdlərin əsas hədəf auditoriyası məhz gənclərdir.
Etiraf etmək lazımdır ki, müasir dünyada sosial şəbəkələrin geniş yayılması ilə bu proses daha sürətli və çətin idarə olunan bir hal alıb. Çünki sosial şəbəkələr gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin informasiya axını çox sürətli və geniş olduğu üçün bu platformalarda təxribatçı məzmunun yayılmasının qarşısını almaq çox çətindir. Algoritmlər istifadəçilərə daha çox baxılan, paylaşılan və reaksiyalar doğuran məzmunu təqdim edir. Təəssüf ki, təxribatçı və emosional yüklü informasiya belə məzmunun əhatəsində olur və gənclər bu cür məzmunla daha çox qarşılaşır. Nəticədə, onların dünya görüşündə qərəzli, yanlış və ya manipulyasiya olunmuş fikirlər formalaşa bilir.
Sosial şəbəkələr sərbəst və çoxtərəfli informasiyaya çıxış imkanı yaratması ilə yanaşı, eyni zamanda ideoloji təxribatların yayılması üçün də münbit zəmin yaradır. İdeoloji təxribatlar əslində müəyyən siyasi, sosial və ya mədəni qrupların maraqlarını həyata keçirmək üçün manipulyasiya, dezinformasiya və psixoloji təsir vasitəsilə gənclərin düşüncəsini yönləndirməyə çalışan fəaliyyətlərdir. Bu təxribatlar fərqli formalarda ortaya çıxa bilər: saxta xəbərlər, manipulyasiya edilmiş videolar, qərəzli təhlillər, hədəfli troll kampaniyaları və s.
Onların məqsədi cəmiyyətdə fikir ayrılıqları yaratmaq, gəncləri real ictimai-siyasi proseslərdən uzaqlaşdırmaq və onları müəyyən qrupların maraqlarına yönəltməkdir. İdeoloji təxribatların gənclər arasında yayılması təkcə fərdi səviyyədə deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə, ictimai sabitliyə və milli həmrəyliyə ciddi zərbə vurur. Bu baxımdan, ideoloji təhlükəsizliyi təmin etmək dövlətlər, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti üçün prioritet olmalıdır.
Əslində Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsində və ondan əvvəlki dövrlərdə informasiya müharibəsinin ən ön cəbhəsində aktiv şəkildə iştirak edib. Sosial şəbəkələrdə yayılan saxta xəbərlər, manipulyasiyalar və təxribat xarakterli məlumatlara qarşı onların reaksiyası həm milli həmrəylik ruhunu gücləndirmiş, həm də dezinformasiyaların yayılmasının qarşısını almağa kömək etmişdir.
Gənclər müharibə dövründə doğru məlumatın çatdırılması və ictimai rəydə yanlış təsəvvürlərin yaranmasının qarşısını almaq üçün sosial media platformalarında aktiv oldular. Onlar milli mövqeni müdafiə etməklə yanaşı, xarici və daxili təxribatlara qarşı maarifləndirici kampaniyalar təşkil edirdi. Azərbaycan gənclərinin bu fəallığı onların vətənpərvərliyinin, dövlətə bağlılığının və informasiya təhlükəsizliyi sahəsində məsuliyyət hissinin yüksək olduğunu bir daha göstərdi.
Bununla belə, ideoloji təxribatların qarşısının alınması təkcə informasiya müharibəsində aktiv olmaqla kifayətlənmir. Təhsil sistemində də bu məsələyə xüsusi diqqət yetirilməlidir. Gənclərin kritik düşüncə qabiliyyətinin artırılması, media savadlılığının inkişaf etdirilməsi, informasiya mənbələrini düzgün analiz edə bilməsi üçün lazımi biliklərin verilməsi vacibdir. Əks halda, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar və ideoloji təxribatlar onların düşüncə dünyasında uzunmüddətli neqativ izlər buraxa bilər.
Sosial psixologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, gənclər emosional və sosial təsirlərə qarşı daha həssas olurlar. Onlar bəzən informasiya məzmununu obyektiv yox, duyğu və ətraf mühitin təsiri altında qavrayırlar. Bu isə ideoloji təxribatçıların işini asanlaşdırır, çünki onlar məhz bu zəiflikdən istifadə edərək, manipulyasiya və psixoloji təsir mexanizmlərini tətbiq edirlər.
ABŞ-nin tanınmış siyasi nəzəriyyəçi və ictimai fəalı, Harvard Universiteti James Bryant Conant Universiteti Professoru Danielle Allen deyib ki, “Sosial media platformaları siyasi məlumatların sürətlə yayılmasını təmin edir, amma bu, eyni zamanda siyasi təxribat və dezinformasiyanın gənclər arasında geniş yayılmasına şərait yaradır. Gənclər təbii olaraq siyasi fikirlərə meylli olduqları üçün bu təsirlərə daha açıqdırlar”.
Sosial şəbəkələrdə ideoloji təxribatların yayılması son illərdə xüsusi ilə genişlənib. Texnoloji yeniliklər və süni intellekt əsasında hazırlanmış alqoritmlərin spesifikli bu tendensiyanı artıran başlıca faktordur. Bu alqoritmlər istifadəçinin maraq və vərdişlərinə uyğun məzmunu seçərək təqdim edir. Lakin bu da bir növ informasiya baloncuklarının yaranmasına səbəb olur. Yəni istifadəçilər yalnız öz baxışlarını təsdiqləyən, bəzən isə yanlış məlumatları olan məzmunlarla qarşılaşırlar. Bu, gənclərin fərqli baxışlarla təmas imkanlarını məhdudlaşdırır və onları daha da qapalı ideoloji mühitə çəkir.
Dünyada sosial şəbəkələrin idarə olunması, xüsusilə yanlış məlumat və təxribatların qarşısının alınması üçün müxtəlif qanunvericilik və texnoloji həllər tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Sosial şəbəkələrdə ictimai nəzarətin gücləndirilməsi, dezinformasiya və təxribat xarakterli məzmunun sürətli aşkarlanması üçün hüquqi baza yaradılır və monitorinq mexanizmləri inkişaf etdirilir.
Bununla belə, hüquqi tədbirlər və texnoloji həllər tək başına kifayət deyil. Cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin ideoloji təxribatlara qarşı həssaslığını azaltmaq üçün davamlı maarifləndirmə, ictimai dialoq və media savadlılığının artırılması vacibdir. Bu prosesdə ailələr, məktəblər, universitetlər və media qurumları birgə çalışmalıdır.
Gənclərin sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi üçün psixoloji dəstək mexanizmlərinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Çünki ideoloji təxribatlar təkcə məlumat mübadiləsi ilə məhdudlaşmır, həm də gənclərin psixoloji durumuna, sosial münasibətlərinə və şəxsiyyətinin formalaşmasına təsir göstərir. Ona görə də, sosial və psixoloji xidmətlərin genişləndirilməsi, gənclərin sosial adaptasiyasına dəstək proqramlarının həyata keçirilməsi ideoloji təhlükəsizliyin təmin olunmasında effektiv vasitədir.
Beynəlxalq təcrübəyə nəzər saldıqda görmək olar ki, bir çox ölkələr gənclərin ideoloji müdafiəsi üçün kompleks proqramlar hazırlayırlar. Bu proqramlar media savadlılığından tutmuş, vətəndaşlıq təhsilinə, psixoloji dəstəkdən tutmuş sosial inkluzivliyə qədər geniş sahələri əhatə edir. Azərbaycanda da bu təcrübələrin öyrənilərək uyğunlaşdırılması və yerli şərtlərə tətbiqi ideoloji təhlükəsizliyin təmin olunması üçün zəruridir.
Nəticə etibarilə, gənclər ideoloji təxribatların ən çox hədəfləndiyi sosial qrup olaraq qalır və bu təxribatların qarşısını almaq üçün sosial şəbəkələrdə daha məsuliyyətli və effektiv fəaliyyət göstərmək tələb olunur. Bunun üçün dövlət, cəmiyyət və hər bir fərd üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
İdeoloji təxribatlarla mübarizədə həm də hər bir gənc fəal iştirakçısı olmalıdır. Onlar sosial şəbəkələrdə məsuliyyətli davranmalı, paylaşdıqları məlumatların doğruluğunu yoxlamalı və təxribat xarakterli məzmuna qarşı həssas olmalıdırlar. Bu, yalnız fərdi yanaşma ilə deyil, ümumi ictimai şüurun yüksəldilməsi ilə mümkün ola bilər.
Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.














