Gəncədə şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı – TƏFƏRRÜAT

Gəncədə şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı - TƏFƏRRÜAT

18:37

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Globalinfo.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramovanın vəzifədən azad olunmasının təfərrüatını açıqlayıb.

Bildirilib ki, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.

“Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib. İddialar əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib və adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.