Bərdədə qaynı tərəfindən baltalanaraq qətlə yetirilən 32 yaşlı Sədaqət İbrahimovanın görüntüsü yayılıb. Qanlı hadisə azyaşlının gözü önündə törədilib.
Globalinfo.az Oxu.az-a istinadən qaynı tərəfindən öldürülən qadının fotosunu təqdim edir:
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 8 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 32 yaşlı Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalarla 29 yaşlı Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Globalinfo.az “Trend”ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov hadisənin bəzi təfərrüatlarını jurnalistlərə danışıb.
Onun sözlərinə görə, qanlı hadisə azyaşlının gözü önündə törədilib.
“Səhər-səhər idi, durdum. Gördüm oradan baltanı götürdü. Dedim yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, anamı öldürdü, anamı öldürdü. Girdim yanına, gördüm ki, baltalayıb. Onun epilepsiyası var idi. Məni də öldürəydi də, məni də vuraydı”, – deyə Rəşid İbrahimov əlavə edib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub.
Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
***09:20
Bərdədə qətl baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.














