“Aztelekom rəsmi açıqlama verib ki, indiyədək ölkə üzrə 1 milyondan çox ailə, yəni 47% ev təsərrüfatı geniş zolaqlı internetlə təmin edilib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, cari ilin yarısında 431 min ailəyə internet çəkilib:
“Cari ilin sonuna isə ölkə üzrə 55% ev təsərrüfatına keyfiyyətli internet çəkilişi gözlənilir. Nazir Rəşad Nəbiyev gələn ilin sonuna bütün ölkənin internet probleminin həll olunacağını bildirmişdi.
Deməli, RİNN gələn ilin sonuna 45% ev təsərrüfatına, yəni təxminən 1 milyondan çox ailəyə keyfiyyətli internet çəkilişini təmin etməlidir.
Bu realdırmı?
Nazirlik “Onlayn Azərbaycan” layihəsinə 2021-ci ilin sonları başlayıb. Daha sonra 85 milyon manat kredit alıb və prosesi xeyli sürətləndirib”.
O.Gündüz son illər GPON çəkilişinin qrafikinin siyahısını təqdim edib:
“2017 -ci il 23000 ev təsərrüfatı
2018 -ci il 51000
2019-ci il 97000
2020-ci il 56000
2021-ci il 143000
2022 -ci il 341000
2023-cü ilin yarısı, 431 000
Cəmi : 1 114 200 ev təsərrüfatı
Əlbəttə, əvvəlki illərlə müqayisədə internet məsələsinin həlli üçün RİNN tərəfindən hədsiz çox işlər görülüb. Proseslər xeyli sürətlənib. Statistikadan belə qənaətə gəlmək olar ki, nazirlik qarşıdakı il yarımda vədini yerinə yetirə biləcək”.
O.Gündüz bildirib ki, regionlarda bəzən işlərin, layihələndirmənin, rabitə dirəklərinin basdırılması və kabel çəkilişinin, evlərə internet qoşulmalarının ləng aparıldığı müşahidə edilir:
“Fikrimcə, Aztelekom və Baktelekomun faktiki olaraq bir qurum kimi idarə olunması, lakin hüquqi olaraq ayrı qurumlar kimi fəaliyyət göstərməsi də işlərə mənfi təsir edir.
Düşünürəm ki, RİNN yalnız dövlət-özəl tərəfdaşlığını gücləndirməklə, Aztelekom və Baktelekom tərəfindən “Onlayn Azərbaycan” layihəsinə nəzarəti gücləndirməklə, adıçəkilən qurumların birləşməsini sürətləndirməklə və dövlət operatorunun daha əlçatan tarifləri ilə öz vədini yerinə yetirə biləcək”.
Zaira Akifqızı
Globalinfo.az














