Kartofu kəsirsən, içindən su çıxır – Tahir Kərimli

“Azərbaycanda istehsal edilən məhsulların üzərində geni ilə bağlı məlumat verilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Tahir Kərimli deyib.

“Doğrudur, indi məhsullar çoxalıb, lakin bunlar genetik modifikasiya olunmuş məhsullardır. İnsanlar arasında bu məhsullara görə xəstəlik də artır, güclə yaşayırlar. Ölkədə bu məsələ ilə məşğul olan müvafiq qurumlar var, amma bildiyim qədəri ilə onlara da müəyyən problemlər yaradılır”.

Deputat ölkədə qida təhlükəsizliyi məsələsində geni dəyişdirilmiş məhsulların istifadəsinin qarşısının alınmalı olduğunu bildirib:

“10 il əvvəl Türkiyənin kənd təsərrüfatı naziri dedi ki, ölkədə geni dəyişdirilmiş kartof tapmaq mümkün deyil. Lakin indi Gədəbəydə kartofu kəsirsən, içindən su çıxır. Onu da gətirib Bakıda satırlar. Geni dəyişdirilmiş yem məhsulları heyvanlara da yedizdirilir. Bir çox dövlətlərdə belə halda həmin heyvanların məhsullarından istifadə olunmur. Çünki keyfiyyətsiz qida onun südünə, ətinə də keçir. Belə çıxır ki, biz Azərbaycan xalqını xəstə etməyə çalışırıq? İnsanları keyfiyyətsiz, geni dəyişdirilmiş məhsullardan xilas edilməlidir”.

Ayşən Mustafa
Globalinfo.az