Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri, vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Qeyd edək ki, Boneyra adasının nümayəndələri Niderlandın müstəmləkə hakimiyyəti altında olan Boneyra adasına həsr olunmuş konfransın keçirilməsi xahişi ilə Bakı Təşəbbüs Qrupuna (BTQ) müraciət ediblər.
Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, BTQ qlobal müstəmləkəçiliyə qarşı mübarizənin avanqardı halına gəlib:
“Azərbaycanın paytaxtı bu gün dünyanın ən iyrənc siyasəti olan neokolonializmə qarşı mübarizədə əsas səs çıxarılan mərkəz halına gəlib. İnsan haqlarından, demokratiyadan, ədalətdən dəm vuran böyük dövlətlər nəinki bu siyasətə etiraz edir, əksinə özləri bunu davam etdirir.
Bu gün Azərbaycan hamının susduğu məsələdə səsini çıxarır, əzilmiş xalqlara yardım əlini uzadır. Bakı insan haqları kontekstində neomüstəmləkəçiliyə qarşı mübarizə aparır.
“Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfrans
Paytaxtımızda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfransda mən də iştirak etdim. Orada Boneyra adasının taleyi müzakirə edildi. Adanın yerli sakinləri, xüsusilə insan haqları müdafiəçiləri Avropanın ən liberal dövləti kimi tanınan Niderlandın əsl üzünü ifşa etdilər. Onlarla danışdıqda adadakı mövcud vəziyyəti daha aydın görmək olur: Niderland adanın sakinlərinə zülm verir, haqlarını pozub, istismar edir.
Azərbaycan bu və bu kimi hallara səssiz qalmır, qalmayacaq da. Ölkəmiz əzilən xalqların səsini dünyaya çatdırmaq üçün ideal məkandır. Hesab edirəm, belə tədbirlər, konfranslar bundan sonra da davam etməlidir”.
Turan Rzayev
Globalinfo.az














