Fransadan Ermənistana satılan hərbi texnikanın yararsız olması haqda ciddi məlumatlar var. Bunu dünyanın bir çox xəbər agentlikləri, hərbi mütəxəssisləri deyir. Son olaraq bu haqda danışan Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.
Zaxarova Ermənistana “Bastion” texnikasının göndərilməsinə münasibətdə deyib ki, Paris bunları başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana verib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Fransanın Ermənistana göndərdiyi “Bastion” tipli hərbi texnika ilə bağlı həm Ermənistan, həm də Azərbaycanda fərqli fikirlər səsləndirilir:
“Hakim fikir budur ki, bu texnika Fransa hərbçilərinə Afrikada sülhməramlı missiyanı həyata keçirmək üçün nəzərdə tutulub. Yəni düzənlik ərazidə bu texnika olduqca effektivdir. Lakin Ermənistan ərazisi daha çox dağlıqdır.
Oqtay Qasımov
Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədi, xüsusən Zəngəzur tərəf dağlıq ərazilərdən ibarətdir və həmin texnikalar burada effektsizdir:
“Ermənistan-Azərbaycan sərhədində dağ relyefi hakimdir. Yəni adıçəkilən texnikalar bura üçün yararsızdır. İstifadəsi isə olduqca çətindir. İndiki məqamda həmin texnikaların Ermənistana göndərilməsi daha çox informasiya və psixoloji savaş xarakterlidir. Ermənistan cəmiyyətində belə bir təəssürat yaradılmağa çalışılır ki, Fransa İrəvanı müdafiə edir, erməni xalqına dəstək verir. Əslində isə rəsmi Paris sadəcə Rusiyanın Ermənistandakı təsirini azaldıb özü bu təsirə sahib olmaq istəyir. Bu istiqamətdə əlindən gələni edir.
Zaxarovanın dediyi kimi, Paris bunları başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana verib. Ermənistanda Qərb tərəfdarları olduğu kimi əleyhdarları da var. Yəni Fransanı heç də hamı istəmir. Buna görə də Paris bu tezlikdə istəyinə nail ola bilməyəcək”.
Turan Rzayev
Globalinfo.az














