Fransadan Azərbaycana elan edilməmiş müharibə – Paris Bakı ilə açıq toqquşmanı seçdi

Fransadan Azərbaycana elan edilməmiş müharibə – Paris Bakı ilə açıq toqquşmanı seçdi

Fransa Ermənistanı silahlandırmağa davam edir. Belə ki, Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Bəzi ekspertlər Parisin İrəvanı intensiv silahlandırmasını Cənubi Qafqazda sabitliyi pozmaq, həmçinin sülh prosesinə əngəl olma cəhdi kimi görür.

Fransanın Ermənistanı silahlandırması, Paris-Bakı toqquşmasıdır? Fransanın Azərbaycanla qarşı-qarşıya gəlməkdə məqsədi nədir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Fransa Azərbaycanı müstəmləkəsi olan Afrika ölkələri ilə səhv salır:

“Paris elə düşünür ki, Azərbaycan onun etdiklərinə səssiz qalacaq. Ermənistanı silahlandırmaq, müharibəyə təhrik etmək, faktiki olaraq Azərbaycana müharibə elanıdır. Fransa Ermənistan üzərindən Azərbaycanla müharibə aparmaq niyyətindədir.

Parisin unutduğu ciddi bir detal var. 44 günlük müharibə və sonrasında başda Paris olmaqla Ermənistana dəstək verən ölkələr vardı. Bu ölkələr yenə Ermənistan ilə birlikdə Azərbaycan qarşısında məğlub oldu. Görünür Fransa bir daha Ermənistan üzərindən məğlub olmaq istəyir.

Fransadan Azərbaycana elan edilməmiş müharibə – Paris Bakı ilə açıq toqquşmanı seçdi

Qabil Hüseynli

Fransanın Ermənistanı məhz indi silahlandırması da təsadüfi deyil. Belə ki, Fransa zülmündən cana yığılan müstəmləkələr pənah yeri kimi Bakıya üz tutur.

Fransa müstəmləkələrinin müstəqillik çağırışına yalnız Bakı cavab verir. Fransa buna görə aqressivləşib.

Bu artıq bir müharibədir. Özü də elan edilməmiş açıq müharibə. Bu müharibəni başladan məhz Parisdir. Nəticələrini də Fransa özü görəcək”.

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, görüntülər bir daha onu sübut edir ki, Fransa intensiv şəkildə Ermənistanı silahlandırmaqla məşğuldur:

“Bu gün Ermənistanla sülh kövrək şəkildə davam edir. Məhz belə bir zamanda Fransanın sülhü pozacaq addımlar atması, İrəvanı silahlandırması prosesə mane olmaq cəhddir.

Azərbaycan Ermənistana xəbərdarlıq edib. Bu xəbərdarlıqlar sonsuza qədər davam etməyəcək. İşğalçı ölkə öz üzərinə düşən öhdəlikləri icra etmək yerinə Fransadan silahlar almağa üstünlük verir. Bu, Ermənistan üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər. Bu silahlanma Ermənistana heç bir divident gətirməyəcək.

Ermənistan Parisin vədlərinə inanıb prosesdən kənara çıxsa, ciddi itkilərlə üzləşəcək. Rəsmi Bakı birtərəfli qaydada delimitasiya və demarkasiyanı icra edib, Zəngəzur dəhlizini də açacaq”.

Turan Rzayev
Globalinfo.az