Fransada parlament seçkiləri: Makronun koalisiyası üçüncü oldu

22:22

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik Partiyası liderlik edir.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV-nin məlumatında bildirilir.

Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.,a

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür.

“Elabe” sosioloji xidmətinin məlumatına görə, ikinci turdan sonra Milli Birlik Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) 260-dan 310-a qədər, Yeni Xalq Cəbhəsi – 115-dən 145-ə qədər, Makronun koalisiyası isə 90-dan 120-yə qədər yer ala bilər.

***10:52

Bu gün Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin birinci turu keçirilir.

Globalinfo.az CNN Türk-ə istinadən xəbər verir ki, təxminən 68 milyon 400 min əhalisi olan ölkədə 49,5 milyon fransız seçici 5 il müddətinə onları Milli Məclisdə təmsil edəcək 577 deputatı seçmək üçün səsverməyə gedir.

Səsvermə Fransada yerli vaxtla saat 08.00-da başlayacaq və saat 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə səsvermə saat 20:00-a qədər davam edəcək.

4 min 9 deputatlığa namizədin mübarizə apardığı seçkinin birinci turunda 12,5 faiz və daha çox səs toplayan namizədlər iyulun 7-də keçiriləcək ikinci turda iştirak edə biləcək. Parlamentdə mütləq çoxluğu əldə etmək üçün partiyalar və ya ittifaqlar 289 deputata çatmalıdır.

Tədqiqat şirkətləri seçkilərin təxmini nəticələrini səsvermə bitdikdən sonra verməyə başlasa da, rəsmi nəticələrin daha sonra açıqlanması gözlənilir.