Azərbaycanı poliqona çevirmək planı – Bakı iki istiqamətdən zərbə endirir

Son günlər ölkədə xarici ölkə kəşfiyyatı və agentura şəbəkəsinə qarşı intensiv əməliyyatlar keçirilir. Xüsusilə Fransa və İranın casus şəbəkəsinin hədəf alınması diqqət çəkir. Bundan başqa, əməliyyatların paralel aparılması da önəmli məqamlardandır.

Maraqlıdır, Fransa və İranın casus şəbəkələrinin eyni anda hədəfə alınması təsadüfdür? Rəsmi Bakı bununla hansı mesajı verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bəzi dövlətlər Azərbaycanı poliqona çevirmək istəyir, lakin bu, baş tutmur:

“İllərdir ölkəmizə sirayət edən və kök salan bu qüvvələrə məxsus casus şəbəkəsinə qarşı bu gün ciddi mübarizə başlayıb. İran və Fransa da belə ölkələrdəndir.

Rəsmi Tehran müstəqilliyin ilk illərində yaranan siyasi boşluqlardan da istifadə edərək ölkədə köklü bir casus şəbəkəsi yaradıb. Bu casus şəbəkəsi və təsir qruplarına dəstək verən, maliyyə ayıran İran bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı.

İran faktiki olaraq agentura şəbəkəsi vasitəsilə Azərbaycanda məşhur ictimai-siyasi şəxslərə qarşı terror hücumları gerçəkləşdirib. Deputat Fazil Mustafa da belə hücuma məruz qaldı.

Elxan Şahinoğlu

Qonşu dövlətlər bu cür fəaliyyətlər göstərməkdən çəkinməlidir. İrandan fərqli olaraq Azərbaycan heç vaxt bu ölkəyə və ya digər qonşusuna qarşı ərazi iddiası, daxili işlərinə müdaxilə etməyib. Tehran ümumiyyətlə xarici siyasətində korrektələr etmir. Hər nə qədər tez-tez dostluqdan danışsa da, vaxtaşırı neqativ addımlar atır.

Azərbaycan buna heç vaxt yol verməyib. İranın atdığı bütün addımlara cavab verilib, bundan sonra da veriləcək. O ki qaldı Avropa ölkələrinə, Azərbaycanda Qərb ölkələrinə məxsus casus şəbəkələrinə qarşı mübarizə ilk dəfədir intensivləşib. Fransa kəşfiyyatının ifşa edilməsi, casus şəbəkəsinə qarşı əməliyyatların aparılmasının şahidi olduq.

Rəsmi Bakı bununla bir daha bütün ölkələrə mesaj verir ki, biz heç kəsin poliqon meydanı deyilik. Bura eksperiment keçiriləcək coğrafiya olmayacaq. Buna cəhd edən artıqlaması ilə cavabını alacaq”.

Turan Rzayev
Globalinfo.az