Bakı “bomba qoyulmuş” masanın arxasına keçmədi

Xəbər verdiyimiz kimi, Azərbaycan İspaniyanın Qranada şəhərində keçirilən beştərəfli görüşdən imtina edib. Bəzi ekspertlər hesab edirlər ki, bu addım rəsmi Bakının əleyhinə ola bilər.

Maraqlıdır, Azərbaycanın Qranada şəhərindəki danışıqlara qatılmaqdan imtina etməsi yeni böhrana səbəb olacaq, yoxsa vasitəçilərin obyektiv mövqe tutmasına zəmin yaradacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hansısa tərəf vasitəçi olmaq istəyirsə, obyektiv mövqe sərgiləməlidir:

“Vasitəçilər son hadisələr zamanı da sınaqdan üzüağ çıxa bilmədilər. Təbii ki, bu, sülh prosesinin irəliyə aparılması, Azərbaycanın milli maraqlarının təmin olunması baxımdan xoş hal deyil. Çünki böyük güclərin maraqlarımıza qarşı çıxması ilə barışa bilmərik.

Bu günə qədər Rusiyanın İrəvanı dəstəkləməsinə görə digər güclər özlərini fərqli göstərirdilər. Yəni rəsmi Moskva həm də onların gerçək niyyətlərini həyata keçirirdi. Belə olan təqdirdə isə Qərb öz sifətini gizlədib bitərəf görünməyə çalışırdı.

Sülhəddin Əkbər

44 günlük savaşdan sonra Fransanın əsəbləri dözmədi, gerçək sifətini göstərdi. ABŞ daha ağırçəkili oyunçu olduğu üçün ölçülü davranmağa çalışır, Azərbaycanla münasibətlərin korlanmaması üçün səylər göstərir. Vaşinqton yaxşı bilir ki, Fransa kimi davranarsa, danışıqlardan kənarda qala bilər.

Fransanın qərəzli mövqeyinə tədricən Almaniya və Aİ də qoşuldu. Hesab edirəm, yaranmış vəziyyətin danışıqlar prosesinə təsiri olacaq. ABŞ çalışacaq ki, vasitəçilik missiyasını qoruyub saxlasın. Azərbaycan tərəfi bildirib ki, üçtərəfli danışıqlar davam etdirilə bilər, lakin Parisin prosesdə iştirakına razı deyil”.

Turan Rzayev
Globalinfo.az