13-15 sentyabr tarixlərində Bakıda dünyanın ən bahalı idman növü olan “Formula-1” yarışları keçirildi. İctimaiyyətdə tez-tez müzakirə olunan məsələ bu yarışın Azərbaycana nə qazandırmasıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, “Formula-1” kimi yarışlar ölkənin tanınmasına dəstək olur.
Onun sözlərinə görə, bu cür yarışlar həm də turizmi inkişaf etdirmək üçündür:
“Azərbaycanda quru sərhədlər bağlıdır, turizm səviyyəsi qonşu ölkələrdən xeyli aşağıdır. Burada artıq bir disbalans yaranır. Amma əsas qazanc təbii ki, tanıtım və turizmin inkişafıdır. Çünki “Formula-1” dünyada 500 milyon auditoriyası olan idman yarışıdır. Təsəvvür edin, televiziya yayımına dünyada 500 milyon insan baxır və “Formula-1” də Bakı şəhərinin mərkəzində keçirilir”.
Natiq Cəfərli
İqtisadçı deyib ki, dünyada iki belə yarış olur:
“Belə yarışın biri Manakoda, bir də Bakıda keçirilir. Ona görə də bu yarışlarla Bakının cəlbediciliyi göstərilməlidir ki, turist axını çoxalsın. Turist axınının çox olması üçün də turizm industriyası daha da inkişaf etməlidir. Məsələn, biletlər ucuz olmalı, otellərin sayı çox olmalı, quru sərhədlər açılmalıdır və s. Bu səbəbdən hələ ki, tanıtım məsələsindən başqa qazanc gətirən tərəfi yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az














