2017-ci ildən Bakı şəhərinin ev sahibliyi etdiyi “Formula-1” yarışlarının Bakıda yox, rayonlarda keçirilməsi ilə bağlı vaxtaşırı təkliflər səsləndirilir. Yarışların hər il paytaxtda keçirilməsi insanlarda ciddi narahatlıq və narazılıqlara səbəb olur. Vətəndaşlar yaranan tıxaclardan, getdikləri ünvana zamanında çatmamaqdan şikayətlənirlər. Ümumiyyətlə, bu yarışlar Azərbaycana lazımdırmı? Vətəndaş bu qədər əziyyət çəkirsə, incidilirsə, yolu kəsilir, həyatı çətinləşirsə, olmazmı bunun üçün ayrıca infrastruktur yaradılsın və Bakıətrafı yerlərdən birində keçirilsin? Nədən məhz Bakının mərkəzi?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, “Formula-1” yarışlarınını keçirilməsi ilə bağlı şərtlər və tələblər var.
Elməddin Muradlı
Onun sözlərinə görə, burada əsas məqsəd ev sahibliyi etməyə çalışan ölkənin turizm potensialını inkişaf etdirməkdir:
“Paytaxtı seçməkdə əsas məqsədlərdən biri də yarışı izləyənləri vaxtında ünvana çatdırmaqdır. Buna görə Bakı şəhərini optimal bir şəhər kimi seçiblər. Bildiyim qədəri ilə “Formula-1”in rəhbərliyinə bir neçə variant verilib, amma onlar Bakı şəhərini seçiblər”.
Ekspert bildirib ki, artıq 6 ildir ki, “Formula-1” yarışları Bakıda keçirilir:
“Rəsmi qurumlar müqavilənin uzadılması ilə bağlı danışıqların aparıldığını bildirirlər. Gələn il də “Formula-1” yarışları Bakıda keçirilsə, artıq bu, 7 il edir. Fikrimcə, kifayətdir. Etiraf edək ki, vətəndaşlar yolların bağlanmasından narazıdır. Bu qədər gərginlik nəyimizə lazımdır axı?! Ona görə də, düşünürəm ki, bu il bitməlidir. Gələn il keçirmək istəyirlərsə, aparsınlar Mingəçevirə, Gəncəyə və ya digər gözəl bölgələrimizə”.
Zaira Akifqızı
Globalinfo.az














