Flora Kərimovadan Akif İslamzadəyə CAVAB: “Hər bir qadın istəyər ki…”

“Əslində, Akif İslamzadə istənilən xanıma hörmət edən şəxsiyyətdir. Onun fikrini insanlar pisə yozmasınlar. Hər bir qadın istəyər ki, kişi daha yaxşı işdə çalışsın, ailəsini məhz əri dolandırsın”.

Bu sözləri Globalinfo.az -a Xalq artisti Flora Kərimova Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadənin qadınların elm adamı ola bilməməsi haqda verdiyi açıqlama ilə bağlı danışarkən deyib.

O, açıqlamadan xəbərdar olduğunu bildirib:

“Hansı kişi istəməz ki, ailəsinin ehtiyaclarını qarşılasın?! O da məhz bunu nəzərdə tutur. Akif bütün vücudu ilə ailəsinə sahib çıxan, xanımına hörmət edən bir insandır. Bilirsiniz, əslində, xanımı xanım edən evin kişisi olar. Mən onun verdiyi açıqlamaları tam oxumuşam. Açığı Akif İslamzadənin fikirləri ilə razıyam. Adam bu gün görmək istədiklərini dilə gətirib. Akifə böyük hörmətim var, müğənni kimi də vurğunuyam. Təəssüf ki, bəlli səbəbdən səhnədən uzaqlaşdı”.

Flora Kərimovanın fikrincə, A.İslamzadə fikirlərini tam izah edə bilməyib:

“İndi də istəməzdim ki, onun kimi yaxşı bir adamı fikirlərinə görə linç edələr. Düz deyir ki, bu gün bəylər yaxşı maaşlı iş tapa bilmir, qadınlar daha çox çalışır. Ola bilər, fikrini tam izah edə bilməyib. Müharibədən yeni çıxmış ölkəyik. Bu gün bəylərimizin əksəriyyəti ailəsi üçün etmək istədiklərini maddiyyatla əlaqədar edə bilmirlər. Elm adamının kişi, ya qadın olması önəmli deyil. Ömür qısadır (kövrəlir). Bir-birimizin fikirlərinə hörmətlə yanaşaq. Onsuz da müharibə bizə yaşatdığını yaşatdı”.

Zaira Akifqızı
Globalinfo.az