Milli Məclisə seçkilər təyin olunandan sonra bu istiqamətdə müzakirələr qızışıb. Müzakirə olunan mövzulardan biri də yaşlı deputatların seçkiyə qatılıb-qatılmayacağı haqdadır. Belə deputatlardan biri də Fəzail Ağamalıdır.
Mediada, sosial şəbəkələrdə F.Ağamalının namizədliyini irəli sürüb-sürməyəcəyi barədə yazılara rast gəlinir. O özü bu günlərdə açıqlamasında deyib ki, səhhətində problem var. Türkiyədə müayinədən keçdikdən sonra qərar verəcək.
Sitat: “Seçkilərdə iştirak etmək niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem yaranıb. Danışanda da təngnəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm”.
Globalinfo.az -a danışan AVP sədri F.Ağamalı deyib ki, partiya olaraq seçkilərdə iştirak etmək niyyətindədirlər.
O, deyildiyi qədər də xəstə olmadığını söyləyib:
Guya yıxılıram, ürəyimdə böyük problem var və s. deyilən sözlər doğru məlumat deyil. Gördüyünüz kimi, normal danışıram. Söz yox, ürək əməliyyatı keçirmişəm. Lakin vəziyyətim düşünüldüyü qədər kritik deyil. Hər halda səhhətimlə əlaqədar müayinədən keçməliyəm. Çünki çox böyük hədəflərim var. Digər tərəfdən də partiyanın özünün fərqli yanaşmaları mövcuddur. Bütün bunları ümumiləşdirdikdən sonra biz növbəti həftə son qərarımızı verəcəyik, namizədlərimizin də kimliyi açıqlanacaq. Beləliklə, hər zaman olduğu kimi, parlament seçkilərində fəal iştirak etməyə çalışacağıq”.
Partiya sədri qızı Günay Ağamalının namizədliyini irəli sürüb-sürməyəcəyi haqda danışıb:
“Açığı, qızımın namizədliyini irəli sürüb-sürməməsi haqda məlumatım yoxdur. Lakin bunu istisna da etmirəm. Çünki o da Azərbaycan vətəndaşı olaraq, partiyanın fəallarından biri kimi, belə hüquqa malikdir. Əgər fikri olsa, yəqin ki, idarə heyətinin yığıncağında bu məsələ müzakirə ediləcək. Kimin iddiası varsa, biz məhdudiyyət qoymayacağıq. Partiyanın istənilən üzvünün qarşıdan gələn parlament seçkilərində iştirakını alqışlayacağıq. Partiya olaraq onların seçkilərdə iştirak etməsi üçün əlimizdən gələn imkanlardan istifadə edəcəyik. Günay 18 yaşından partiyamızın üzvüdür. Son illər partiyanın funksioneri kimi fəallığını ortaya qoyub. Mənə bu məsələ ilə bağlı fikir bildirməyib. İddiası olarsa, təbii ki, qarşısını kəsmərəm, heç buna haqqım da çatmır. Çünki qarşısını almaq istənilən Azərbaycan vətəndaşının, Ana Vətən Partiyasının üzvünün hüquqlarının tapdanması olardı. Gələn həftə bütün bunlara aydınlıq gələcək”.
Zaira Akifqızı
Globalinfo.az














