Fermerlər hərəkəti iflic edib: Şoltsdan almanlara XƏBƏRDARLIQ

Almaniyada narazı fermerlərin etirazı hərəkəti iflic edib.

Globalinfo.az xəbər verir ki, belə bir məqamda Almaniya kansleri Olaf Şolts yanacaq subsidiyalarının kəsilməsinə etiraz edən fermerləri sakitliyə və güzəştə çağırıb. Şolts həmçinin vəziyyətdən istifadə etməyə çalışan ekstremistlərin qəzəbinin artırması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, kənd təsərrüfatında istifadə olunan dizel yanacağına tətbiq olunan vergi güzəştlərinin ləğvinə qarşı Almaniyada fermerlərin etirazı başlayıb. Bir həftəlik etiraz aksiyaları çərçivəsində fermerlər traktorları ilə ölkə boyu əsas yolları bağlayıblar və nəqliyyatın hərəkətini iflic ediblər.

Almaniya kansleri etirazlar fonunda bəzi yumşalmalara getsə də, fermerlər subsidiyaların azaldılmasının tam ləğvini tələb edirlər.  Hökumətin vergi güzəştlərinin aradan qaldırılması planı isə 2024-cü il büdcəsində yarana biləcək böyük boşluğu doldurmaq məqsədilə həyata keçirilib.  Fermerlərin etirazları Şolts hökumətindən ümumi narazılıq fonunda baş qaldırıb. Belə ki, insanlar gələcəklə bağlı narahatlıqlarını dilə gətirərək hökumətdən müəyyən addımlar atmağı tələb edirlər.

Şolts isə öz çıxışında müəyyən kompramislərə gediləcəyini açıqlayıb. Lakin ekstremistlərin hökumətin tətbiq etdiyi bütün güzəştləri qəsdən pislədiyini və qarışıqlıq yaratmaq istədiyini diqqətə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az