Fazil Mustafadan Gürcüstanla bağlı maraqlı paylaşım

“Gürcüstan milli futbol komandası Avropa nəhənglərindən olan Portuqaliya üçün prinsipial olmayan oyunda prinsip göstərərək qalib gəldi! Təbriklər!”

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O, portuqaliyalıların çox zəhmət çəkmədiklərinin anlaşılan olduğunu bildirib:

“Gürcülərin əvəzinə topu aparıb qapıya vurmadılar ki? Hər iki qol da haqqına vuruldu. Hələ qapıçının qəhrəmanlığını demirəm. Azərbaycan millisi ilə müqayisə edirlər, haqlılıq payı var. Unutmayaq ki, bizim klub komandamız olan “Qarabağ” da səfərdə “Braqa”nı alt-üst etmişdi. Demək ki, işin başına adamları doğru seçəndə uğur qazanmaq, xarakter göstərmək olur. Bir də düşündürücü sual var: Nə sovet dövründə, nə də indi Gürcüstanın milli komandasında bir azərbaycanlını görə bilmirik. Dərhal qısqanclıq, milli eqoizm kimi bəhanələri yazmayın. Gürcüstanın futbol mühitində yetişən hansısa azərbaycanlı futbolçunu heç öz millimizdə də görmürük. Səbəb nədir? Məgər burada da gürcü dilini bilmək tələb olunur?”

Deputat deyib ki, dini cəhalətin son illərdə tüğyan etdiyi bir mühitdə idmana bu qədər həvəssiz yanaşma yaxşı hal sayılmaz:

“Bir də qeyd edim ki, hazırki Gürcüstan futbolçularının oyun intellekti qardaş Türkiyənin oyunçularından da xeyli üstündür. Hər halda futboldakı bu Gürcüstan fenomeni bizdə xeyli düşüncələri yeniləşdirməlidir”.

Zaira Akifqızı

Globalinfo.az