İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan siyasətini ciddi format etdi. Klassik müxalifət demək olar ki, təsirsiz hala gəlib. Onların 35 illik mövcudluqları sanki sona çatır.
Siyasətə Qarabağ amili üzərindən gəlmiş, hakimiyyəti 30 ildir Qarabağı işğaldan azad edə bilməməkdə ittiham edən, bu yolla narazı elektoratın səsini, dəstəyini qazanan, ya da buna ümid edən müxalifət bu problemin aradan qaldırılması ilə ideoloji-siyasi baxımdan tərk-silah oldu. Görünən budur ki, hakimiyyət onların dirçəlməsində maraqlı deyil.
Yaranmış bu boşluğu nə ilə, hansı formada doldurmaq mümkün olacaq? Dövlət klassik müxalifətin boşalmış yerinin xarici təsir agentləri, kənar güclərə bağlı təşkilatlar vasitəsilə dolacağından (İranın, Qərbin, başqa siyasi-dini axınların liderlərinin) narahat deyil? Yeni siyasi müxalifətin formalaşması mümkündürmü?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Fazil Mustafa deyib ki, klassik müxalifət anlayışının ortadan qalxmasının səbəbi yaradıcı perspektivin olmaması ilə bağlı idi:
“Ənənəvi 1990-cı illərin düşüncəsində olan insanların iki yerə bölündüyünü müşahidə etdik: Birincisi, hakimiyyətlə ölüm-dirim savaşından imtina edib, ölkənin problemlərinin həlli istiqamətində töhfə verən, amma günlük siyasətdə baş verən natamamlıqları tənqid edən, onun düzəlməsi istiqamətində fikirlər səsləndirən yeni müxalifətçilik anlayışı. İkinci isə hər şeyi inkar edərək hakimiyyətin dəyişməsindən başqa yol görməyən və problemlərin həll olunmamasına daha çox maraq göstərən, narazı elektoratın dəstəyini qazanmağa çalışan klassik müxalifət anlayışı”.
Deputatın sözlərinə görə, Qarabağ işğaldan azad olunandan sonra bu anlayış ortadan qalxdı, deyiləcək söz qalmadı:
“Nəyə irad bildirirlər? Aydındır, daxili siyasətdə müəyyən problemlər var ki, onlar hələ də aktual olaraq qalır. İnhisarçılıqla bağlı məsələ ciddi narahatlıq yaradır, müəyyən dərəcədə demokratik iş dəyişikliyi ilə bağlı natamamlıqlar var. Bu bütün ölkələrdə mövcud olan məsələlərdir. Lakin buna qarşı mübarizə aparmaq üçün daha legitim platformadan istifadə etmək imkanlarından çoxu imtina etdi. Xüsusilə də Milli Məclis platformasını lazımi səviyyədə dəyərləndirmək istəmədilər. Ona görə də problemlər qalmaqdadır. Siyasi müxalifətin olmamasının ən böyük təhlükəsi gələcəkdə bu istiqamətdə daha çox xarici təsir agentlərinin narazılığının əsas istiqamətləndiricisinə səbəb olacaq”.
Fazil Mustafa vurğulayır ki, məsələ ilə bağlı hökumətin, iqtidarın bir strategiyası olduğunu demək hələ tezdir:
“Bu istiqamətdə müzakirələr aparılmalıdır. Hesab edirəm ki, parlament seçkilərindən sonra bu mövzuya yenidən qayıdılacaq. Ölkənin problemlərini dilə gətirib onun həlli istiqamətində addım ata biləcək müxalifət missiyasına ehtiyac var. Hazırda parlament müstəvisi üzərindən çox mandat qazanmış partiyaların müxalifətçilik tanıtımı nəzərdə tutulur. Müxalifətçilik missiyasını üzərinə götürməklə, müxalifətçilik tanıtımı eyni cür anlaşılmır. Bu, yaradıcı fəaliyyətdir. Hesab edirəm ki, sözügedən fəaliyyəti canlandırmağa ehtiyac olarsa, bu istiqamətdə müəyyən addımlar atılacaq. Hazırda əhalinin siyasi fəallığının hədsiz aşağı düşməsi, narazı insan sayının artması iqtidar-müxalifət modelinin yenidən dizayn olunmasını tələb edir”.
Safura Bənnayeva
Globalinfo.az














