Eyyub Yaqubovdan qalmaqal yaradan konsertinə REAKSİYA

Xalq artisti Eyyub Yaqubovun 23 fevral “kişilər günü” ilə bağlı konsert keçirəcəyinə dair məlumatlar yayılıb. Bu xəbər ictimaiyyətdə narazılıqla qarşılanıb.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Aqil Abbas deyib ki, E.Yaqubov gözəl sənətkardır və konserti “kişilər günü” ilə bağlı təşkil etməsi inandırıcı deyil.

A.Abbas 23 fevralı bayram olaraq qəbul etmədiyini bildirib:

“Hətta Sovet dönəminin “atıb-kəsən” vaxtında da mən 23 fevralı qeyd etməmişəm. Ümumiyyətlə, sovet ordusunun yaranması gününü niyə bayram saymalıyıq axı? Həmin ordu bizim başımıza olmazın oyunlarını açdı. 20 Yanvar hadisələrini törətdi, ermənilərin arxasında dayanıb Qarabağı işğal etdi. İndi onun nəyini bayram kimi qeyd edək?! Bəziləri hələ də sovet təfəkküründən ayrıla bilmirlər. Özümüzün Milli Ordumuzun yaranma günü, Zəfər günümüz var. Eyyub Yaqubova hörmətim var, çox güman ki, anlaşılmazlıq olub”.

E.Yaqubov sözügedən xəbəri təkzib edib:

“Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. İlk olaraq bildirim ki, mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yalnışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “Kişilər günü”dür.

Qeyd edək ki, xalq artistinin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən silinib.

Zaira Akifqızı
Globalinfo.az