
Globalinfo xəbər verir ki, qalın və uzun tüklü bəzi itlər soyuq havadan həzz ala bilsələr də, kiçik və qısa saçlı cinslər bunu bacarmırlar. Odur ki, həmin itlərin sahibləri ev heyvanlarını isti saxlamaq üçün daha çox addım atmalıdırlar.
Baytar Ben Vethin sözlərinə görə, soyuq havada ev heyvanlarını isti saxlamaq şərtdir və qısa tüklü cinsləri soyuqdan qorumaq üçün onlara isti paltar geyindirmək vacibdir. Ancaq heç də bütün ev heyvanları paltar geyinməyi sevmədikləri üçün mütəxəssislər onları soyuq havaya tədricən vərdiş etdirməyi məsləhət görürlər.
Baytar həmçinin itlərin pəncələrini yoxlamağı tövsiyə edir. Çünki yağan qar onların pəncələrinin içinə dola və ağrı verə bilər. Üstəlik buzlu havalarda yollara səpilən duzların da ev heyvanlarının pəncəsinə mənfi təsiri mümkündür. Bununla yanaşı itlərin duzlu pəncələrini yalamaları daha böyük fəsadlara yol aça bilər. Alimlər xəbərdarlıq edirlər ki, bu cür düzların qəbulu qanda natriumun səviyyəsini artıraraq susuzluq və qusma yaradır. Ən ağır hallarda isə heyvanlarda böyrək zədələnməsi riski ola bilər.
Baytar həmçinin gəzintidən sonra ev heyvanlarının pəncələrini, ayaq və qarın tüklərini yaxşıca qurulamağı məsləhət görür. Massaçusetsdəki Tafts Universitetinin alimlərinin fikrincə, -1°C ilə 4°C arasında olan temperatur kiçik və orta ölçülü itlər üçün potensial təhlükədir. Ona görə də, baytarlar bu cür temperaturda ev heyvanları ilə uzun gəzintiləri tövsiyə etmirlər.
Baytar Nik Hornimanın sözlərinə görə, ev heyvanlarını daha təhlükəsiz saxlamaq üçün günəşdə gəzintiyə çıxmaq ən uyğun seçimdir. Temperatur aşağı düşdükdə isə heyvanları səhər 8-dən axşam 3-ə qədər yarım saat gəzdirmək daha məqsədəuyğundur.
Əliyar Xəlil,














