“Banqladeşdə yüzlərlə insanın ölümü ilə nəticələnən etirazların arxasında müxtəlif güclərin olduğuna dair iddialar səslənib. Bu etirazlar Banqladeşi xaosa sürükləyib, baş nazir ölkədən qaçıb, müxalifət lideri həbsdən azad edilib, prezident həbs olunan etirazçıları azad etmək məcburiyyətində qalıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Banqladeşdəki etiraz aksiyalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Hindistan Pakistanı Banqladeşdəki etirazlara qoşulmaqda ittiham edib:
“İndia Today” nəşri Banqladeş Millətçi Partiyasının sədr müavini Tarik Rəhmanın Səudiyyə Ərəbistanında ölkənin keçmiş baş naziri və müxalifətdəki Banqladeş Milli Partiyasının lideri Xalidə Ziya və onun üzvləri ilə görüş keçirdiyi xəbərini yayıb. Etirazları başladan tələblər içərisində radikal dini cərəyanların nümayəndələrinin olduğuna dair iddialar səslənib. Camaate İslami tələbə qanadının adı çəkilib. Nəşrin bir başqa iddiasına görə, Pakistan Banqladeşdə özünə yaxın siyasətçilər qrupunu hakimiyyətə gətirmək istəyir. Pakistan bu iddiaları rədd edib.
Dehli Banqladeşdə hakimiyyətin müxalif qrupların əlinə keçməsini istəmir. Çünki Hindistan hökuməti hesab edir ki, Banqladeşdə hökumətin devrilməsi nəticəsində hakimiyyətə gələcək qruplar Pakistanla sıx tərəfdaşlıq münasibətləri quracaqlar. Banqladeş qonşu ölkələrlə balanslı siyasətə üstünlük verir. Bu, Banqladeşin təhlükəsizlik maraqlarına uyğundur. Ona görə də Banqladeşdə formalaşacaq yeni hökumətin balanslı xarici və təhlükəsizlik siyasətindən imtina edəcəyi ehtimalı azdır”.
Turan Rzayev
Gılobalinfo.az














