Etirazçılar parlamenti tutub, Paşinyana hücum etmək istəyirdi – Simonyan

“Etirazçılar parlament binasını ələ keçirmək və Ermənistanın Baş nazirinə hücum etmək istəyirdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, niyyətləri bu cür olmayıb deyən etirazçılar yalan danışırlar.

“Baqrat Qalstanyanı dəstəkləyən qüvvələr və insanlar onun kimi köhnələnə qədər küçədə qalacaqlar. Bu, bütün ermənilərin katolikosu II Qareginə də aiddir. Etirazçıların polisə hücum etməsi, “Aşiqlər” parkını dağıtması, hüquq mühafizə orqanlarının onları nizam-intizama dəvət etməsi üçün yetərli səbəb deyilmi? Baqrat Qalstanyan çağırış etdikdən sonra insident baş verdi. Bu, mütəşəkkil bir təxribat idi. Təbii ki, polisə hücum edərlərsə, asayiş keşikçiləri də özlərini müdafiə etməlidir. Qumbaranı geri atmaq üçün götürən şəxsdən başqa heç kim ciddi xəsarət almayıb. Polis lazım olan yerdə səs-küylü qumbaradan istifadə edib”, – Simonyan vurğulayıb.

Erməni keşiş Baqrat Qalstanyan isə Simonyanın sözlərinə cavab olaraq bildirib ki, etirazçıları bina deyil, parlamentin içində əyləşənlər maraqlandırır. Yəni parlamentdə oturanlar cavab verməlidirlər.

“Məqsədimiz ətrafı mühasirəyə almaq və hökumətyönlü deputatların parlamentə gələrək öz çirkin işlərini görməsinin qarşısını almaq idi. Onsuz da parlamentdə toplaşdıqları müddətdə platformadan yalnız bir məqsəd üçün istifadə edirlər: nsanları, o cümlədən məni ləkələməyə çalışırlar”, – deyə keşiş vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az