Estoniya Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum olunmasını istəyir.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “Rheinische Post” qəzetinə müsahibəsində səsləndirib.
“Macarıstan Avropa İttifaqında (Aİ) səsvermə hüququndan məhrum edilməlidir, çünki onun Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə eyni “komandada oynayır”, – o deyib.
Tsaxna xatırladıb ki, Aİ müqaviləsinin 7-ci maddəsinə əsasən, əgər bir üzv ölkə digər üzvlərin təhlükəsizliyini təhlükə altına qoyarsa, bu halda onun səsvermə hüququ dondurula bilər. Nazirin sözlərinə görə, Macarıstanın hazırkı fəaliyyəti məhz bu kateqoriyaya aiddir.
O, qeyd edib ki, Orbanın Aİ qərarlarını davamlı şəkildə bloklaması yolverilməzdir və bu vəziyyət uzun müddət davam edə bilməz. Əgər Macarıstan iyun ayında Rusiyaya qarşı sanksiyaların uzadılmasını bloklasa, bu, Moskvanın dondurulmuş 240 milyard dollar vəsaitinə çıxışını bərpa edə bilər. Bu halda, Tsaxna hesab edir ki, Aİ həmin vəsaitləri müsadirə etmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, “Politico” nəşrinin məlumatına görə, Aİ hələlik Macarıstanın səsvermə hüququnun dayandırılmasını rəsmi şəkildə gündəmə gətirməyib.
Aysel Əliyeva
Globalinfo.az














