“Əsrimizin Qorbaçovu” ölkəsini süquta aparır? – Daha bir supergüc dağıla bilər iddiası…

15229702711783831

(Mixail Qorbaçov və Donald Tramp. 1987-ci ilin dekabrı. Vaşinqton)

ABŞ Prezidenti Donald Trampın verdiyi qərarlar, səsləndirdiyi fikirlər dünya ictimaiyyəti tərəfindən geniş müzakirə edilir. Son zamanlar onu SSRİ-nin son lideri Mixail Qorbaçova bənzədirlər.

Mixail Sergeyeviç Qorbaçov 1985-ci ildə hakimiyyətə gələndən az sonra sərt islahatlara başladı. “Yenidənqurma”, “Aşkarlıq”, “Zəhmətsiz gəlirlərlə mübarizə”, “Alkoqolizmə qarşı mübarizə” və s. şüarlarla, kampaniyalarla 70 illik imperiyanın altına “minalar” yığdı. Qərbdə isə bu addımlar nisbətən demokratiyaya keçid kimi qiymətləndirildi.

M.Qorbaçovun verdiyi qərarlar fonunda həmin vaxt sürətlə kooperativlər, özəl müəssisələr yaradıldı. Dövlət əmlakının özəlləşdirilməsinə start verildi. SSRİ adlı nəhəng “gəmi” batmağa başladı. Qorbaçov bu cür islahatlarla Sovet İttifaqını xilas edəcəyini düşünürdü, lakin tam tərsi oldu.

Ekspertlər deyir ki, hazırda Donald Trampın da bəzi populist, qeydi-adi görünən addımları, islahat adlanan avantüraları ABŞ-ı dalğalandırır. Ən kritik təbəqələri özünə qarşı qaldırır.

Trampın atdığı addımlar ABŞ-ın dağılmasına, orada xaosun yaranmasına gətirib çıxara bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Trampla Qorbaçovun müqayisə edilməsi bir qədər qüsurlu yanaşmadır:

“Çünki bu iki şəxs xarakter baxımından çox fərqlidir. Digər tərəfdən, hakimiyyətə gəliş şəkilləri də eyni deyil. M.Qorbaçov Kommunist Partiyası dövründə nomenklatur qaydalarla hakimiyyətə gəlib. Lakin hakimiyyətə gəlməsi kompromislər yolu ilə olub. Hakimiyyətə gəldikdən sonra “Yenidənqurma”, “Aşkarlıq”, “Zəhmətsiz gəlirlərlə mübarizə”, “Alkoqolizmə qarşı mübarizə” və s. proqramları elan edib.

M.Qorboçovun niyyəti əslində SSRİ-ni süquta uğratmaq yox, islahatlar yolu ilə ömrünü uzatmaq idi. Lakin buna nail ola bilmədi. Çünki islahatlar dərindən aparılmırdı. Digər tərəfdən, totalitar bir rejimdə belə islahatların icrası mümkün deyildi.

SSRİ-də ən böyük problem etnik və milli məsələlər idi. Belə ki, Stalin dövrü repressiyaları bir çox xalqlarda qapanması çətin yaralar açmış, ittifaqa inamı sarsıtmışdı.

Digər məsələ budur ki, SSRİ-dəki xalqların çoxu işğal nəticəsində ittifaqa daxil edilmişdi. Bəzilərinin milli dövlətləri belə var idi. Ona görə də SSRİ xalqları Qorbaçovun siyasətinə müstəqilliklə cavab verdi və ittifaq dağıldı”.

oqtay qasimov 5

Oqtay Qasımov deyib ki, ABŞ-da məsələlər tamamilə fərqlidir:

“Tramp Qorbaçovdan fərqli olaraq partiya daxilindən gəlmir. O, prezident olana qədər onsuz da milyarder iş adamı idi. Yəni o, iqtisadi çevrəni təmsil edir. Hakimiyyəti Qorbaçov kimi kompromislərlə deyil, öz şəxsi bacarıqları ilə əldə edib. Digər mühüm məsələ isə Trampın iki dəfə xalqın mütləq əksəriyyətinin səsini alaraq prezident seçilməsidir. Yəni onu sevən, inanan böyük bir kütləyə sahibdir.

Trampın apardığı iqtisadi siyasət ABŞ tarixinin ən yaxşı siyasəti hesab edilir. O, ABŞ-da ciddi iqtisadi artıma səbəb olub. Bu ona verilən səslərdə də özünü göstərdi. Xalq ona inanır və iqtisadiyyatı yenə daha yaxşı edəcəyini düşünür.

Trampın hazırkı komandası daha təcrübəli, peşəkar hesab olunur. Ötən dönəmdən fərqli olaraq Trampın təkcə iqtisadi deyil, həm də siyasi təcrübəsi var. Keçmiş SSRİ-dən fərqli olaraq institutlaşıb. Dövlət siyasətini müxtəlif qurumlar müəyyən edir, prezident isə icra edir. SSRİ-də isə təkadamlıq rejim var idi. Trampın hazırda atdığı addımlar ABŞ-ı nəinki dağıdacaq, əksinə daha da gücləndirə bilər”.

Turan Rzayev
Globalinfo.az