Əsir düşən əsgərimizlə bağlı 3 versiya var – Məmmədyarov

 

“İrəvan deyə bilər ki, guya “azərbaycanlı əsgər qanunsuz olaraq Ermənistan ərazisinə keçib, ona görə də həbs edirik”. Lakin o, Azərbaycana qaytarılmalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə qatı duman səbəbindən azaraq Ermənistan ərazisinə keçən və saxlanılan əsgərimiz Hüseyn Axundovla bağlı danışarkən deyib.

Sabiq nazir bildirib ki, əsir düşən azərbaycanlıların əsgər olduqları nəzərə alınmalı və həbs olunmamalıdır:

“Qırmızı Xaç Komitəsinin vasitəsilə onları Azərbaycana qaytarmaq lazımdır. Digər bir variant isə beynəlxalq hüquqa uyğun olaraq əsgərlərimizin üçüncü ölkəyə göndərilməsidir.

Qırmızı Xaç Komitəsinin hüququ var ki, gedib həm əsirləri görsün, həm vəziyyətləri ilə maraqlansın, həm də onlardan məktub alıb yaxınlarına göndərsin. Ümumiyyətlə, Qırmızı Xaç Komitəsi onların döyülməməsinə, işgəncələrə məruz qalmamasına, yeməklə təmin olunmasına nəzarət etməlidir. Bu, onların işidir”.

Qeyd edək ki, ermənilər əsir düşən Hüseyn Axundovu vəhşicəsinə döyərək, ağır işgəncələr veriblər və bunun görüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Zaira Akifqızı
Globalinfo.az